Ağcabədi rayon Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə olunub. Movqe.az xəbər verir ki, barama və pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov məruzə ilə çıxış edib, baramaçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib
Diqqətə çatdırılıb ki, uzun fasilədən sonra ötən il ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə Ağcabədi rayonunda 48 kümçü tərəfindən 3675 kiloqram, 2017-ci ildə isə 228 kümçü tərəfindən 16 min 761 kiloqram yaş barama istehsal olunub. Gələcəkdə barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd tut tingi əkilib. Məhsuldar tut ağaclarından toxum götürülərək 6609 kvadratmetr sahəyə səpilib.
Yığıncaqda pambıqçılığın inkişafından da bəhs edilib. Qeyd olunub ki, 2016-cı ildə rayon ərazisində 3661 hektar sahədə pambıq becərilib, 8852 ton məhsul istehsal olunub. Bu il isə 9492 hektarda çiyid səpini həyata keçirilib ki, bu da ötən illə müqayisədə 2,6 dəfə çoxdur.
Tədbirdə çıxış edənlər baramaçılıq, taxılçılıq və pambıqçılıq sahəsində daha yüksək nəticələrə nail olmaq üçün görüləcək işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Yığıncaqda yüksək nəticə göstərən bir qrup kümçü və fermerə fəxri fərman və hədiyyələr verilib.