Əlaqə Arxiv
news Image
2017.08.31
09:00
| A A A
Köhnə maşınlar bahalaşır
Natiq Cəfərli : “Tələbat yoxdursa, satış həcmi aşağıdırsa, bir müddət sonra avtomobil satanlar məcburən qiyməti aşağı salacaqlar” Rəşad Əliyev: “Təklifin artmaması qiymət enməsinə şərait yaratmır”

Son günlər avtomobil bazarında qiymətlər artır. Bahalaşma əsasən də ili köhnə olan avtomobillərdə müşahidə edilir. Ancaq bununla yanaşı, bazarda alıcı qıtlığı da yaşanmaqdadır. 

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, köhnə maşınların bahalaşmasının əsas səbəblərindən biri yeni avtomobillərin qiymətinin manat ekvivalentində kifayət qədər yüksək olmasından irəli gəlir: “Çünki devalvasiyadan sonra ölkəyə gətirilən avtomobillərin qiyməti yeni məzənnə ilə hesablandı. Bu da yeni avtomobillərin qiymətini iki dəfədən çox artırdı. Yəni, yeni maşın seqmentində yaşanan bahalaşma işlənmiş maşınlara tələbatı artırıb. Bu da nəticədə qiymətləri artırıb. Digər səbəb isə qanunvercilikdə edilən dəyişikliklərlə bağlıdır. Artıq iki ildən çoxdur, ölkəyə “avro-4” ekoloji standartından aşağı standartlara cavab verən avtomobil idxalına icazə verilmir. Bu qadağa da xaricdən gətirilən avtomobillərin sayının azalmasına səbəb oldu. Bu da təbii olaraq qiymət artımının təkanverici amillərindən birinə çevrildi. Ancaq hazırda maşına tələbat yüksək deyil. Bunun da səbəbləri çoxdur. 
Əvvəllər avotomobil bazarında banklar mühüm rol oynayırdı. Lizinq və kredit vasitəsi ilə avtomobil satışı həyata keçirildi. İndi isə avtomobil krediti tamamilə dayanıb. Bundan irəli gələrək, avtomobillərə tələbat azalıb. İnsanların nağd şəkildə maşın almaq imkanları məhduddur. Avtomobillərin qiymətinin artımı həm də mövsümlə əlaqədardır. Belə ki, yay aylarında həmişə avtomobil bazarında qiymət artımı müşhidə edilir. Payızın ilk ayından etibarən qiymətlərdə enmələr olacaq. Tələbat yoxdursa, satış həcmi aşağıdırsa, bir müddət sonra avtomobil satanlar məcburən qiyməti aşağı salacaqlar”. 
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyevin fikrincə, bahalaşmanın səbəbi ilk növbədə idxalın azalması ilə bağlıdır: “Eyni zamanda Avropadan avtomobil gətirmək alverçilər üçün sərf etmir. Çünki hazırda Avropadan avtomobil çox baha qiymətə gəlir. 
Avtomobil idxalı azaldığı üçün bazarda təklif artmayıb.  Təklifin artmaması qiymət enməsinə şərait yaratmır. Satıcılar isə daha baha qiymətə satmağa çalışırlar. Eyni zamanda avomobil parkımız köhnəlir. Yeni maşınlar köhnə maşınları əvəz edə bilmir. Bunların da hamısı avtomobillərin sayının azalmasına xidmət edir ki, nəticədə qiymətlərin artımına səbəb olur”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz