Azərbaycanda test imtahanlarının ləğvi ilə bağlı yayılan xəbərlər müəyyən müzakirələrə səbəb olub. Övladı ali məktəbə hazırlaşanlar yeni imtahan modelinin ənənəvi testdən nə ilə fərqlənəciyindən narahatlıq keçirirlər. Мясяля иля баьлы mətbuata açıqlama verən təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib ki, söhbət test imtahanlarının ləğvindən getmir: "Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir. Artıq faktiki olaraq, bu proses başlayıb. Bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir formatda olduğunu görürük. Həmin imtahanlar 2 mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər var. Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, Ana dili fənnindən esse, açıq sualların cavablandırılması, Riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Orada nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də, daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanıb".
Təhsil üzrə tanınmış ekspert Əjdər Ağayev deyir ki, builki buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdləri yeni kurikulum fənдlərinə əsaslanan təlim metodu ilə təhsil alsalar da, bu, özünü imtahan nəticələrində göstərməyib: “ Əslində, bu il buraxılış imtahanlarının iki mərhələdə keçirilməsinin bir səbəbi də, kurikulum fəndi ilə təhsil alanların göstəricilərini üzə çıxartmaq məqsədi daşıyırdı. Hesabla onlar indiyədək kiçik və böyük summativ qiymətləndirmədə açıq suallarla hazırlanan testlər işlədiklərindən, esse yazmaq vərdişlərinə yiyələndiklərindən, buraxılış imtahanlarında da bu cür sualların öhdəsindən gəlməyi bacarmalı idilər. Nəticə isə göstərdi ki, onların çox hissəsi indiyədək bu bacarığa yiyələnə bilməyiblər. Bu nəticə ondan xəbər verdi ki, müəllimlər yeni təlim metodunu şagirdlərə lazımi səviyyədə aşılaya bilməyiblər. Çünki, kurikulum özü dolaşıq təlim metodudur. Orta məktəblərdə dərs keçən müəllimlərin çoxu bu metodu qavraya bilməyiblər. Ona görə də, Təhsil Nazirliyi belə qərara gəldi ki, ali məktəblərə imtahan metodunu dəyişməklə nəticə əldə etsin. Halbuki bu dəyişikliyə məktəblərdən başlamaq lazım idi. Əgər orta məktəblərdə müəllimlər yeni kurikulum fəndi ilə təhsili tətbiq edə bilmirlərsə, ali məktəblərə qəbul imtahanın dəyişməsi nəticəyə təsir etməyəcək.Bunun üçün orta məktəblərdə tədrisin səviyyəsini qaldırmaq lazımdır. Şagirdlərin dərsdən yayınaraq repetitor yanına getməsinin qarşısını almaq lazımdır ki, kurikulum fəndi ilə təlim nəticə versin”.
Ə. Ağayev ümumilikdə ali məktəblərə qəbul imthanında dəyişikliyin zəruri olduğunu deyir: “Ali məktəbləri bitirən məzunlar əmək bazarında hazır kadr kimi işləyə bilmirlər. Bunun bir səbəbi də abituriyentlərin ali məktəblərə qəbul imtahanlarını əzbərçilik hesabına qazanmasıdır. Ali məktəbə qəbul imtahanlarında iştirak edənlərdə şifahi nitqin inkişafı vacibdir. Hazırki test üsulu isə şagirdləri bu inkişafdan geri qoyur. Esselərin buraxılış imtahanlarında tətbiqi də buna xidmət edir.Tədricən imtahana salınan açıq sualların sayının artırılması da vacibdir. Şagirdlər əzbərçilikdən xilas olurlar. Bu üsulla imtahana hazırlaşıb ali məktəbə qəbul olunanlardan daha savadlı kadr yetişir. Amma bütün bunları ali məktəbə qəbul imtahanlarında tətbiq edərək nəticə gözləmək gülüncdür. Şagirdlər bu biliyə, kurikulum fəndi ilə təlimə orta məktəbdən alışmalıdırlar. Təhsil Nazirliyi bu islahata məktəbin içindən başlamalıdır. Buraxılış imtahanında esse yaza bilməyən, açıq suallara cavab yaza bilməyən şagirdin bu biabırçı nəticəsinin günahkarı ona 9 il, 11 il təhsil verən müəllimlər, məktəblərdir. Nazirlik isə kurikulum fəndinin nəticə verməsi üçün işə orta məktəbdən başlamaq əvəzinə, ali məktəblərə qəbul imtahanlarında dəyişiklik etməklə nəticə gözləyir. Bu da düzgün yanaşma deyil”.
Təhsil üzrə ekspert Kamran Əsədov da test imtahanlarının təkminləşdirilməsində nazirliyin səhvə yol verdiyini düşünür. Onun sözlərinə görə, ənənəvi test üsulundan 100 faiz imtina ali məktəblərə qəbul imtahanlarında nəticəni daha da arzuolunmaz səviyyəyə gətirib çıxaracaq: “İllərdir ki, qapalı test modeli tətbiq olunur. Bu üsulla abituriyentlərin bəzi bacarıqlarını üzə çıxartmaq mümkün deyil. Hazırlanan kadrlar da məhz buna görə, əmək bazarının tələblərinə cavab vermir. Ona görə də, ali məktəblərə qəbul imtahanlarında açıq sualların salınmasına başlanıldı. Bu üsul dəstəklənir. Amma yeni modelin ali məktəblərə qəbul imtahanında 100 faiz tətbiqi mənim fikrimcə, arzuolunmaz nəticə yaradacaq. Çünki, 9-cu siniflərin buraxılış imtahanında açıq sualların salınması, esse yazmaq tələbi şagirdlərin 60 faizinin aşağı qiymət alması ilə nəticələndi.
İndi nəzərə alın ki, buraxılış imtahanında açıq suallar 3 fənni əhatə edirdi. Ali məktəblərə qəbul imtahanlarında isə 5 fəndən birdən-birə açıq suallar salınacaq, abituriyentlərdən bu suallara cavab vermək tələb olunacaq. Təbii ki, bu zaman nəticənin bərbad olacağı qaçılmazdır. Üstəlik Dövlət İmtahan Mərkəzinin markerlərinin qeyri-peşəkarlığını nəzərə alsaq, yeni formatın ali məktəblərə qəbul imtahanında 100 faiz tətbiqi düşünülməmiş addımdır”.
Həmsöhbətimiz deyir ki, çıxış yolu ali məktəblərdə qəbul imtahanlarında ənənəvi test üsulunu saxlamaqla yeni formatı da yanaşı tətbiq etməkdir: “Ali məktəblərə qəbul imtahanlarına 50 faiz ənənəvi qaydada suallar, 50 faiz isə yeni formatla suallar salına bilər. Baxmayaraq ki, yeni qaydalar imtahan suallarının 10 faiz kurikulum fəndinə əsaslanılmalı olduğunu tələb edir”.
Zülfiyyə QULUYEVA