Azərbaycanda ovu qadağan olunmuş quşların brakonyerlər tərəfindən ovlanması hallarına hələ də rast gəlinməkdədir. Özü də əsasən magistral yol kənarlarında belə ov quşlarının açıq satışı həyata keçrilir. Məsələ ilə bağlı Movqe.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli ovu qadağan edilmiş qadağa olunmuş quşların satışı ilə məşğul olan insanlara qarşı ciddi nəzarət tədbirlərinin gücləndirilməsini vacib hesab edir: "Köçəri çöl və vəhşi quşların ətinin açıq və qapalı formada satışı birmənalı şəkildə qadağandır. Yol qırağında ev və yaxud köçəri quşların ətinin satışına isə qəti yol vermək olmaz. Bu cür hallara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Daxili İşlər Nazirliyi və onun Yol Patrul Xidməti nəzarət etməlidir. Nəzarət bizim işimiz deyil. Baytarlıq xidməti ən uzağı yerli icra hakimiyyətinə müraciət edə bilər ki, belə bir hal var. Tədbiri isə əraziyə baxan Ekologiya Nazirliyinin nümayəndələri, yola nəzarət edən qurumlar reallaşdırmalıdırlar. Bütün ictimaiyyət olaraq bizdə onlara yardımçı olmalıyıq".
Y.Xanvəli xüsusilə Hacıqabul istiqamətində gedən yolda bu cür quşların ətinin satıldığını qeyd etdi: "Biz dəfələrlə əlaqədar qurumlara müraciət etmişik ki, bu cür neqativ hallara nəzərət olunmalıdır. Son dəfə yanvar ayının əvvəli bu cür qeyri-qanuni fəaliyyət göstərən təsərrüfat sahəsi aşkarlandığı zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Təəssüf ki, yollarda qadağan olunmuş ov quşları bu gün də satılır. Xüsusilə Hacıqabula gedən yolda belə hallara daha çox rast gəlinir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ovu qadağan olunmuş quşalrın satılmasının qarşısının alınması üçün təşkil olunan reydlərin davam etdiyini vurğuladı: "Qanunsuz satılan ov quşları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər daxil olurdu ki, respublikanın müxtəlif ərazilərində, əsasən də magistral yolların kənarında qanunsuz ovlanmış çöl quşları satılır. Rayonlarda nazirliyin şöbələri var, onlara tapşırıqlar verildi ki, tez bir zamanda bu prosesin qarşısı alınsın. Tapşırıq veriləndən sonra nazirlik tərəfindən reydlər təşkil olundu. Nazirlik daxilində yaradılmış Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları və KİV nümayəndələri ilə birlikdə reydlər təşkil etdik. Gedib gördük ki, verilən tapşırıqlara yenə də ciddi əməl olunmayıb, qadağa olunmuş quşlar yenə ovlanıb satılır. Nazirlik tərəfindən bununla bağlı müvafiq tədbirlər görüldü.
Xatırladım ki, nazirliyin 1, 3, 4, 5 saylı ərazi ekologiya şöbələri var, 1 saylı şöbə Lənkəran, Lerik, Masallı, Cəlillabad, Astaranı, 3 saylı şöbə Sabirabad, Hacıqabul, Şirvan, Səlyan, Biləsuvar, Neftçalanı, 4 saylı şöbə Abşeron, Qobustan, Xızı, Sumqayıtı, 5 saylı şöbə Xaçmaz, Siyəzən, Quba, Qusarı əhatə edir. Bu yerlərdə ovlanmış quş ətini satışı aşkarlandı. Ona görə həmin ekologiya idarələrinin məsul şəxslərinə cəza verildi, bir neçəsi işdən azad olundu, bir neçəsinə töhmət elan olundu, vəzifələri aşağı salındı. Hazırda bu cür reydlər mütəmadi davam etdirilir ki, qanunsuz ovlanmış quşların satışının qarşısı alınsın. Reydlərdə mən özüm də iştirak etmişəm. Gördük ki, "Qırmızı kitab"a adı salınan bəyzək quşları belə ovlanıb satılır. Satılan bəyzək quşunun biri sağ qalmışdı. O müsadirə olundu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac milli parkı nəzdində yaradılmış reabilitasiya mərkəzinə təhvil verildi".