Əlaqə Arxiv
news Image
2017.10.03
13:12
| A A A
Bakıda yol çöküb

İntensiv yağışlar nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.
 
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəflinin  Movqe.az-a verdiyi məlumata görə, nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.

"Dərhal əraziyə əməkdaşlarımız cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılıb. Məlum olub ki, podratçı bir təşkilat yaxınlıqdakı yeni yaşayış binasına yeni kanalizasiya xətti çəkib. Daha sonra qazılmış hissəni torpaq və çınqılla doldurub. Lakin yağıntılar sona qədər yolun bərpası işlərini həyata keçirməyə imkan verməyib. Nəticədə qazılmış hissədə 15-20 sm dərinlikdə torpağın çökməsi baş verib. Bu isə öz növbəsində hərəkəti iflic edib. Bəzi məlumatlarda guya bərpa işlərinin "Azəravtoyol" ASC tərəfindən aparılmalı olduğu, ancaq işlərin yubadıldığı qeyd olunur. Rəsmi olaraq bildirmək istəyirik ki, bu, belə deyil. Mövcud qanunvericiliyə əsasən yolun bərpasını qazıntı aparan qurum və ya şirkət özü etməlidir. Bunu normal şəkildə etməyə imkanı yoxdursa, bu sahədə ixtisaslaşmış dövlət qurumu olan "Azəravtoyol" ASC ilə bununla bağlı müqavilə imzalanmalı, rəsmi ödəniş olunmalı və yalnız bundan sonra bizim tərəfimizdən bərpa işləri aparıla bilər. Lakin bununla bağlı həmin podratçı şirkət bizimlə heç bir müqavilə imzalamayıb. Belə olan halda isə həmin təşkilat yolun bərpasını özü həyata keçirməyə borcludur", - deyə A.Nəcəfli bildirib.

Sizin Reklam Yeriniz