Əlaqə Arxiv
news Image
2017.10.04
12:58
| A A A
Bakıda qazın təzyiqi nə vaxt artırılacaq? "Azəriqaz"dan rəsmi cavab

Son günlər havanın kəskin soyması təbii qaza olan tələbatı artırıb. Mavi yanacağa olan tələbat artsa da, təbii qazın həcmi artırılmayıb. Paytaxtın Binəqədi rayonu, eyni adlı qəsəbəsində ciddi təbii qaz çatışmazlığı yaşanır. Qəsəbənin İsfahani, G. Ramazanov və M. Ələkbərov döngə-1 ünvanlarında mavi qazın təzyiqi normadan dəfələrlə aşağıdır. Bu səbəbdən də qəsəbə sakinləri elektrik enerjisinin ümidinə qalıblar. Binəqədi qəsəbəsinin M. Ələkbərov döngə-1 ünvanında yaşayan sakinlər ötən gün elektrik enerjisinin verilişində yaranan kəsilmə zamanı soyuqda qaldıqlarını, enerji böhranı yaşadıqlarını söyləyiblər. Sakin Nəzakət Muradova və Esmira Nuriyeva iki həftədir ki, mavi yanacağın çox aşağı təzyiqlə verilməsindən şikayətlənirlər: “Biz dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinin “Qaynar xətt”inə zəng edib qazın təzyiqinin çox aşağı olduğundan şikayət etmişik. Amma şikayətimizə məhəl qoyan yoxdur. Qazın təzyiqi elə həddədir ki, qızdırıcı cihazlar işləmir. Səhər məktəbə gedən uşaqları çox vaxt çaysız, ac yola salmalı oluruq. Problemə əncam çəkən yoxdur”.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə Movqe.az-a açıqlamasında mavi yanacağın həcminin tələbata uyğun artırıldığını, şikayət olan yerlərdə tənzimləmə işlərinin davam etdiyini söyləyib: “Bu gün Azərbaycan üzrə fərdi şəkildə olan şikayətlər istisna olmaqla, “mavi yanacağ”ın verilişində ciddi problem yoxdur. Ötən ayın sonundan başlayaraq ölkə ərazisində havanın temperaturunun kəskin aşağı düşməsi “Azəriqaz”ın işinə də təsirsiz ötüşməyib. Havanın soyması ilə əlaqədar təbii qaz sərfiyyatı artıb, nəticədə İstehsalat Birliyinin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib. Bu isə bəzi ərazilərə “mavi yanacağ”ın verilməsinə çətinliklər yaratdığından şəbəkəyə verilən qazın həcmi artırılıb. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan və qurumun əməkdaşları tərəfindən qazpaylayıcı şkaflarda, qaz tənzimləyicilərdə və siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra ölkə üzrə fərdi şəkildə olan şikayətlər istisna olmaqla, bu gün “mavi yanacağ”ın verilişində ciddi problem yoxdur”.
İ. Kərbəlayev deyib ki, bununla belə hazırda da tənzimləmə işləri davam etdirilir və hansı ərazidə təzyiqlə bağlı çatışmazlıq yaşanırsa, qaz təchizatının texnoloji rejimə uyğun təmini üçün işlər görülür: “Onu da qeyd edim ki, abonentlərin təbii qazla bağlı fərdi problemlərinin qeydiyyata alınması və yaranmış nasazlıqların aradan qaldırılmasına kömək məqsədi ilə 104 və 185 nömrəli Çağrı Mərkəzi günün 24 saatını əhatə etməklə fəaliyyət göstərir. Eyni zamanda abonentlər İstehsalat Birliyinin rəsmi internet səhifəsi olan www.azeriqaz104.az saytına daxil olaraq “Elektron müraciət” bölməsindən yazılı şəkildə müraciətlərini ünvanlaya bilərlər”.
Onu da qeyd edək ki, əhali “Azəriqaz” İB-nin  Çağrı Mərkəzlərinin hər zaman məşğul göstərdiyini, qeydə alınan müraciətlərə baxılmadığından da şikayətlənirlər. Azəriqazdan isə bunun səbəbinin Çağrı Mərkəzlərinə edilən zənglərin çoxluğu ilə bağlı olduğunu söyləyirlər.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz