Əlaqə Arxiv
news Image
2013.03.05
16:56
| A A A
Qış və yay vaxtına keçidin ləğvi yenidən aktuallaşır
Rəhim Zeynalov: «İş o yerə gəlib çıxıb ki, saat rejimindən hamı narazıçılıq edir» Nazim Məmmədov: «Böyük meqapoislərdə, Bakı kimi tıxacları çox olan şəhərlərdə insanların işə zamanında gedib-gəlməsi kifayət qədər çətindir»

Bu ayın sonunda saatların əqrəbi yenidən bir saat irəli çəkiləcək və beləliklə, Azərbaycan yay vaxtına keçəcək. Xatırladaq ki, Azərbaycanda qış və yay vaxtına keçid Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq həyata keçirilir. Lakin belə təkliflər səslənir ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yay və qış vaxtına keçid ləğv olunmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyası da bildirir ki, yay-qış vaxtına keçid ekvatora yaxın ölkələr üçün, eləcə də şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyil. O da vurğulanır ki, keçid vaxtı bir sıra vacib məsələlər - keçid nəticəsində enerjidən istifadəyə qənaət, keçidin ətraf mühitə, idarə, müəssisə və təşkilatlarda iş rejiminə, əmək məhsuldarlığına və insan sağlamlığına təsiri, təhsil sistemində və bir sıra digər sektorlarda ortaya çıxan problemlər və sair nəzərə alınmalıdır. Akademiya hələ ötən il qış və yay vaxtına keçidinləğvini tövsiyə edib. Lakin aidiyyatı qurumun verdiyi məlumata qış və yay vaxtına keçidin ləğv olunması ilə bağlı təklifləri Nazirlər Kabineti tərəfindən qəbul olunmayıb.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Rəhim Zeynalov məsələ ilə bağlı Mövqe.az-a açıqlamasında bildirib: "Yay vaxtına keçidlə əlaqədar məsələ zamanı məni Nazirlər Kabinetinə çağırmışdılar. Mən qəti imtina etdim ki, saatlara toxunulmamalıdır. Bu barədə yazılı şəkildə təqdimat da verdim. Onlar belə bir motivi əsas götürdülər ki, bütün Avropa keçirsə, bizdə çaş-başlıq yaranacaq. Amma indi iş o yerə gəlib çıxıb ki, saat rejimindən hamı narazıçılıq edir. Son vaxtlar qərara alındı ki, keçidlərin olması birdəfəlik dayandırılsın. Yay rejiminə keçirilməsi barədə saatların bir saat çəkilməsi insanların həm səhhətində, həm də ki, vaxt bölüşdürülməsi zamanı müxtəlif problemlər yaradır. Yarım il adaptasiya olunuruq, sonra yenidən dəyişiklik olur və bu proses də insanlara düşünürəm çox mənfi təsir göstərir. Bunu həkimlərlə müəyyənləşdirmək, yoxlamalar keçirtmək lazımdır, sonra keçidin ləğvi ilə bağlı qərar verilməsinin mümkünlüyünü dəqiqləşdirmək lazımdır".

Milli Məclisin sabiq üzvü Nazim Məmmədov isə bildirir : "Yay vaxtına keçid və yaxud da qış vaxtına keçid iqtisadi nöqteyi-nəzərdən günün işıqlı vaxtından daha səmərəli istifadə etmək mahiyyəti daşıyır. Bu, həm də təbii ki, elektrik enerjisinə qənaəti nəzərdə tutur. Bir çox ölkələrdə mütamadi olaraq günün işıqlı vaxtından səmərəli istifadə etmək üçün bu tədbirə əl atırlar. Baxmayaraq ola bilər ki, bu, insanların öyrəşib-öyrəşməməsi baxımından narahatçılıq yaradır. Ancaq bu narahatçılıq uzun müddət davam edə bilməz və mən düşünmürəm ki, bu proses insanların sağlamlığına böyük ziyan vura bilər. Əslində, böyük meqapoislərdə, Bakı kimi tıxacları çox olan şəhərlərdə insanların işə zamanında gedib-gəlməsi kifayət qədər çətindir. Onsuz da onlar zaman itkisinə yol verirlər, o baxımından işə bir saat gec və yaxud da tez gəlməyin məhsuldarlığa heç bir ziyanı ola bilməz"


Sizin Reklam Yeriniz