Əlaqə Arxiv
news Image
2017.10.13
14:29
| A A A
Havada maqnit qasırğası ilə bağlı həkim xəbərdarlığı-İnsult və ölüm riski var

Artıq bu gündən yerdə güclü maqnit qasırğası qeydə alınır. Qasırğanın iki gün, bu gündən başlayaraq oktyabrın 14-dək davam edəcəyi bildirilir. Məlumata görə, hətta oktyabrın 15-də də Yerin maqnitosferi qasırğanın təsiri altında olacaq. Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsiri ilə yanaşı, meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.
Yayılan bu məlumat metohəssas insanları sağlamlıqlarına qarşı diqqətli olmağa səsləyir. Terapevt Emin Dadaşzadə maqnit qasırğasının insulta, ölümə belə səbəb olma riskinin yüksək olduğunu söyləyir: “Elə metohəssas insanlar var ki, maqnit qasırğası ilə bağlı xəbərdarlığı ciddi qəbul etmir, əhəmiyyət vermirlər. Amma maqnit qasırğası metohəssas insanların sağlamlığına çox ciddi təsir göstərir. Öncə qeyd edim ki, metohəssas insanlar qrupuna beyin qan dövranı pozğunluğu olan, ürək-damar xəstəliklərindən əziyyət çəkən, eləcə də şəkər xəstələri aiddir. Sinir sistemi xəstəlikləri olan insanlar da metohəssas insanlar hesab edilir. Bu insanlara adi insanlardan fərqli olaraq maqnit qasırğası ciddi təsir göstərir. Bu zaman təzyiq artır, ürək döyüntüləri şiddətlənir, ürək bulanma, baş gicəllənmə müşahidə olunur. Həmçinin sifətin qızarması, el arasında buna pörtmə deyirlər, bu kimi hallar qeydə alınır. Baş ağrısı da havada maqnit qasırğası şiddətli baş ağrısına da səbəb olur. Bu zaman bəzi insanlar ağrıkəsici preparatlar qəbul etməyə üstünlük verirlər. Amma maqnit qasırğısının yaratdığı narahatçılıqdan yaranan baş ağrılarını ağrıkəsicilərlə müalicə etmək olmaz. Bu zaman əks effekt də qeydə alına bilər”.
E. Dadaşzadə deyir ki, havada maqnit qasırğası olduqda təzyiqi nəzarətdə saxlamaq mütləqdir: “Metohəssas insanlar baş ağrısı olan kimi ilk növbədə təzyiqlərini ölçməlidirlər. Çünki, beyin qan dövranı xəstəliklərində havada maqnit qasırğasının olması beyin qan dövranını pozur. Bu zaman təzyiqin yüksək artımı qeydə alınır”.
Terapevt bildirir ki, metohəssas insanlar maqnit qasırğası davam etdiyi müddətdə səhhətlərində narahatlıq yaranan an həkimə müraciət etməlidirlər: “Metohəssas insanlar hava şəraiti ilə əlaqədar narahat olan an həkimə,daha doğrusu təcili tibbi yardıma müraciət etməlidirlər. Təzyiqin həddindən artıq yüksəlməsi insult təhlükəsi də yarada bilər. Bu zaman təzyiqi türkəçarə üsullarla salmaq fayda vermir. Mütləq həkim müayinə etməli, təzyiq həddindən artıq qalxıbsa, beyinə qan sızmanın qarşısını almaq üçün dərman preparatını inyeksiya yolu ilə venaya yeritməlidir”.
E. Dadaşzadə havada maqnit qasırğası olduğu müddətdə şəkər xəstələrinin də dietaya ciddi riayət etməli olduğunu söyləyir: “Şəkər xəstələri üçün dieta mütləqdir.  Bu havada isə xüsusulə vacibdir. Mütləq şəkər xəstələri yağlı qidalardan uzaq durmalıdırlar. Eyni zamanda bol vitaminli qidalar qəbul etməlidirlər. Təzə meyvə və tərəvəzlərdən istifadə daha məsləhətlidir. Çünki, belə xəstələrdə daim immun sistemi zəif olur”.
E. Dadaşzadə yaşlı insanların da bu cür havaya qarşı çox həssas olduğunu söyləyir: “Havada maqnit qasırğası olduqda yaşlı insanlarda ürəyin tez-tez döyünməsi, təzyiqin yüksəlməsi kimi narahatçılıqlar meydana çıxır”.
Terapevtin sözlərinə görə, ona görə də, havada maqnit qasırğası olduğu müddətdə açıq havaya çıxmaqdan çəkinmək lazımdır: “Metohəssas insanlar üçün ilk məsləhət havada maqnit qasırğası olduğu günlərdə evdə dincəlməkdir. Çünki, belə hava açıq havada metohəssas insanlara daha tez təsir edir”.
Qeyd edək ki, bundan öncə ötən ay sentyabrın 4-də Günəşdə baş vermiş güclü partlayış nəticəsində Yerdə ardıcıl maqnit qasırğaları baş vermişdi.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz