Əlaqə Arxiv
news Image
2017.10.23
15:25
| A A A
Yeni energetika naziri şimal bölgəsində istilik və külək elektrik stansiyalarında olub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ümumi gücü 525 MVt olan "Sumqayıt" İstilik Elektrik Stansiyasında olub. 
Bu barədə Movqe.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, nazir burada aparılan modernləşmə prosesi ilə maraqlanıb. Sumqayıt şəhəri və Abşeron yarımadasının enerji təchizatında elektrik stansiyasının əhəmiyyətindən bəhs edilib. Nazir enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit fəaliyyəti üçün stansiyanın rolunu gücləndirəcək tədbirlərin həyata keçirilməsi ilə bağlı tövsiyələr verib.
P.Şahbazov Xızı rayonunun Yeni Yaşma kəndi ərazisindəki külək elektrik stansiyası ilə də tanış olub. Layihə gücü 50 MVt olan Yeni Yaşma Külək Elektrik Stansiyasının tikintisinin 2014-cü ildə başa çatdığı, müvafiq dövlət komissiyası çərçivəsində yoxlama işlərinin aparıldığı və stansiyanın “Azərenerji” ASC-nin şəbəkəsinə qoşulduğu barədə nazirə məlumat verilib. Bildirilib ki, bu stansiya gələcəkdə alternativ enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin həcminin artmasına töhfə verəcək.
P.Şahbazov Cənubi Qafqaz regionunda mühüm istehsalat kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkına (STP) da baş çəkərək görülən işlərlə tanış olub. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən layihələrdən biridir. STP-nin tərkibində olan müəssisələr ölkənin energetika sənayesində istifadə olunan məhsul və xidmətləri ilə də istənilən layihədə uğurla iştirak etməyə hazırdır. STP ilə Energetika Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, gələcək perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Nazirin elektrik stansiyalarına tanışlıq səfərində “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevlə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov da iştirak ediblər.

Sizin Reklam Yeriniz