Əlaqə Arxiv
news Image
2017.10.25
06:30
| A A A
Təhsilə yüsək dövlət qayğısı büdcədə də yenidən öz əksini tapdı
Nadir İsrafilov: “Təhsilə bu qədər vəsaitin ayrılması təqdirolunan haldır” Məhərrəm Zülfüqarlı: “Təhsilə qayğı artdıqca, bu, elmin inkişafına da kömək etmiş olacaq” Kamalə Məcidova: “Təhsil xərclərinin artımı ilə təhsilin səviyyəsi arasında əlaqə var”

Azərbaycanda dövlət büdcəsində gələn il üçün müxtəlif sahələrə xərclənəcək vəsaitlərin məbləği açıqlanıb. Yenə də təhsil sahəsinə ayrılan xərclərin məbləği ilk pillələrdə dayanır. Belə ki, 2018-ci ilin dövlət büdcəsindən təhsil xərclərinə 2 miylard 1.5 milyon manat vəsait ayrılıb. Bu rəqəm 2017-ci illə müqayisədə 210.3 milyon manat və ya 11.7 faiz çoxdur. 

Qeyd edək ki, 2016-cı ildə təhsilə 1 milyard 830 milyon manat ayrılmışdı. Mütəxəssislərin fikrincə, təhsilə ayrılan vəsaitin miqdarının çoxalması sahəyə diqqətin artmasından xəbər verir. Bu da öz növbəsində təhsilin, elmin keyfiyyətini yüksəldən amil kimi dəyərləndirilir. Təhsil üzrə ekspert Nadir İsrafilov bildirdi ki, hər il təhsil xərcləri yuxarı pillələrdə dayanıb: “Bu gün ölkəmizdə təhsildə dövlət siyasətinin prinsipləri var. Belə ki, neft kapitalının insan kapitalına çevrilməsi prinsipi həyata keçirilir. O baxımdan da təhsil xərcləri daim yuxarı pillədə durub. Hər il təhsilə ayrılan xərclərin həcmi artır. Artıq bu xərclər 2 milyard manatı keçib. 
Təhsilə bu qədər vəsaitin ayrılması təqdirolunan haldır. Amma əsas məsələ həmin vəsaitlərin səmərəli idarə olunmasıdır. Bu fonda ilk növbədə orta ixtisas təhsilinə çox önəm verilməlidir.  Həmçinin ali məktəblərə ayrılan vəsait düzgün tənzimlənməlidir. Çünki, dövlət təhsil müəssisələrində də ödəniş var. Onu da nəzərə alaq ki, ödənişin miqdarı hər artırılır. Odur ki, dövlət büdcəsində ayrılan vəsait elə olmalıdır ki, ali məktəblərdə ödəniş minimuma endirilsin. Bu zaman təhsilə ayırılan xərclərin artırılması səmərəli ola bilər”. 
Ekspert əlavə etdi ki, region təhsil ocaqlarına da diqqət artırılmalıdır: “Təcrübə göstərir ki, ən yaxşı nəticələr adətən Bakı və digər iri şəhərlərdə qeydə alınır. Yəni regionlarda pis vəziyyətdə olan təhsil müəssisələri var. Odur ki, onlara xüsusi diqqət edilməlidir. Vəsaitdən səmərəli istifadə işin ən vacib tərəfidir”.
Təhsil məsələləri üzrə digər ekspert Məhərrəm Zülfüqarlı bildirdi ki, dövlətin imkanları artdıqca, təhsil xərclərinin də artımı müsbət haldır: “Xalqın gələcəyi təhsilə bağlıdır. Savadlı gənclər çoxaldıqca, dövlət də güclü olar. Ancaq bununla yanaşı, təhsil işçilərinin əmək haqlarının  artırılması da gündəmdə olmalıdır. Çünki təhsilin keyfiyyəti ilə təhsillə məşğul olan insanların maddi rifahı arasında sıx əlaqə var. 
Bundan başqa, təhsillə elm bir-birinə bağlıdır. Təhsilə qayğı artdıqca, bu, elmin inkişafına da kömək etmiş olacaq. Odur ki, bu addımlar gənclərin elmə marağını yüksəldəcək”.
Ağdaş rayonu, M. Şeyxzadə adına texniki-humanitar-təbiət təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Kamalə Məcidovanın fikrincə, təhsil xərclərinin artımı ilə təhsilin səviyyəsi arasında əlaqə var: “Məsələyə hərtərəfli yanaşmaq lazımdır. Məsələn, təhsil xərclərinin artımının müəllimlərin əmək haqqına necə təsir göstərəcəyi önəmli faktdır. Belə ki, müəllimlərin maaşları yetəri qədər artmasa, təhsildə yüksək keyfiyyətdən danışmağa dəyməz. 
Nəzərə alaq ki, hər bir kəsin işinə vicdanlı yanaşması inandırıcı deyil. Yəni, məvacibə önəm vermədən ancaq özünü məsləyinə həsr edən müəllimlər çox azdır. Müəllim sosial vəziyyətini ancaq işi ilə yaxşılaşdırmalıdır. Əlavə hazırlıq dərslərinə, repetitorluğa üstünlük verməzlər. Ancaq nəzərə alaq ki, təhsil səviyyəsinin yüksək olmasında müəllimin əmək haqqından başqa nüanslar da var”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz