Əlaqə Arxiv
news Image
2017.12.04
13:13
| A A A
Bakı Uşaq Bərpa Müalicə Mərkəzinə uşaq serebral ifliclə bağlı müraciətlər artıb

Bu ilin on bir ayında Bakı Uşaq Bərpa Müalicə Mərkəzində 1798 uşaq müalicə alıb. Movqe.az-ın məlumatına görə, bu barədə bu gün  Bakı Uşaq Bərpa Müalicə Mərkəzinin direktoru Cəmilə Talıbova Beynəlxalq Əlillər Gününə həsr edilmiş mətbuat konfransında məlumat verib. C. Talıbova bildirib ki, Uşaq Bərpa Müalicə Mərkəzi 1988–ci ildən fəaliyyət göstərsə də ötən ilin dekabr ayında yenidənqurularaq sağlamlıq imkanları məhdud olan uşaqların ixtiyarına verilib: “Mərkəzin yaradılmasında məqsəd tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu cür uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin onların şəxsiyyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsi mərkəzin əsas vəzifə və funksiyalarına daxildir. Mərkəz ən müasir cihaz və avadanlıqla təchiz edilib. Burada müasir tibb və diaqnostik cihazlar, reabilitasiya avadanlığı quraşdırılıb. Bu cihaz və avadanlıqdan təcrübəli mütəxəssislər öz fəaliyyətlərində geniş istifadə edərək, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərərirlər. Bu gün mərkəzdə İtaliya, Almaniya və digər ölkələrin aparıcı istehsalçılarının tibb cihazları, reabilitasiya avadanlığı, diaqnostik cihazları (USM, EKQ) fəaliyyət göstərir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb”.
Mərkəzinin direktoru qeyd edib ki, bu ilin 11 ayı ərzində Müalicə Mərkəzinə 30,3 minə yaxın xəstə müraciət edib: “ Mərkəzdə müxtəlif sinir xəstəlikləri və nitq qüsurlarının müalicəsində müasir üsullar tətbiq olunur. Burada son vaxtlar əvvəlkindən fərqli olaraq, 1 yaşınadək olan xəstə uşaqların müalicəsi də aparılır. Sahə poliklinikaları bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi xəstələri Mərkəzə göndərir: "Burada uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Hər bir pasiyent üçün onun yaşı, xəstəliyin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla il ərzində 3-6 mərhələdə fərdi reabilitasiya kursu tətbiq olunur".
C. Talıbova qeyd edib ki, mərkəzə daxil olan 1 yaşına qədər uşaqların sayı 2014-ci illə müqayisədə 40 faiz artıb: "Bu da xəstəliyin vaxtından əvvəl aşkarlanması deməkdir. Müəssisəyə müraciət edən uşaqlarda sinir sistemi xəstəlikləri ilə yanaşı digər somatik xəstəliklər də müşahidə edilir. Xəstəliklərin müalicəsində müasir fizioterapiya cihazları, aerozol terapiyası, süni duzlaq şaxtası və digər üsullar istifadə edilir. Uşaq serebral ifliclə bağlı müraciətlər daha çox olur". 
Daha sonra tədbirdə Mərkəzin ayrı-ayrı həkimləri tətbiq edilən müalicə üsulları barədə ətraflı məlumat veriblər. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz