Əlaqə Arxiv
news Image
2017.12.06
16:49
| A A A
Altay Həsənov: "Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra gimnastika sahəsində dönüş yarandı" - FOTO

Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra gimnastika sahəsində dönüş yarandı.

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib.

Altay Həsənov qeyd edib ki, Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi həqiqətən də Azərbaycanın idman ictimaiyyətinin, ümumilikdə respublikamızın ictimai həyatında mühüm bir hadisədir: "Fərid Qayıbovu, onu dəstəkləyənləri, ailəsini, neçə ildir baş katibi olduğu Azərbaycan Gimnastika Federasiyasını təbrik edirəm. Hamımız çox sevinirik. Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva da bu hadisəyə öz diqqətlərini göstərdilər, Fərid Qayıbovu Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi münasibətilə təbrik etdilər".

AGF-nin vitse-prezidenti vurğulayıb ki, 2002-ci ildə, yəni 15 il öncə Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra gimnastika sahəsində bir dönüş yarandı, dəyişikliklərə başlanıldı: "Bu gün həmin işlərin nəticəsini görürük. Artıq bir neçə dəfə Azərbaycanda, Bakıda irimiqyaslı, mötəbər yarışlar - Dünya kubokları, Qran-prilər keçirilib. İlk illərdə ölkədə əsasən bədii gimnastika, sonrakı dövrdə isə gimnastikanın digər növləri də inkişaf etməyə başladı. Hazırda 16 regionda gimnastikanın növləri inkişaf edir. Bizim nailiyyətlərimiz çoxdur. Azərbaycan idmançılarının qazandığı medallardan başqa, ən böyük nailiyyətlərimizdən biri də odur ki, biz idman sahəsində təşkilatçılığı bacarırıq. Bu, Avropa Gimnastika İttifaqının yeni prezidentinin seçilməsində də özünü göstərdi və Avropa gimnastika ictimaiyyəti Fərid Qayıbovu İttifaqın prezidenti seçməklə Azərbaycana - Azərbaycan nümayəndəsinə və Azərbaycan Gimnastika Federasiyasına öz səsini verdi".

Altay Həsənov xatırladıb ki, Fərid Qaylbov 2003-cü ildə Azərbaycan Gimnastika Federasiyasında logistika meneceri kimi fəaliyyətə başladı və ilk dəfə 2003-cü ilin avqustunda keçirilmiş Dünya Kubokunda öz işini ləyaqətlə yerinə yetirdi:

"Sonra isə federasiyanın baş katibi seçildi. Çünki Fərid Qayıbov seçilirdi, öz işinə məsuliyyətlə yanaşırdı. Onun gördüyü işlər həmişə uğurla nəticələnirdi. Fərid Qayıbov 2008 və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının Şurasının üzvü, 2013-cü ildə isə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçildi. Ötən il biz Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsində qərara gəldik ki, Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidentliyinə namizədliyini irəli sürək. Müvafiq olaraq bir qrup yaradıldı, Fərid Qayıbov başda olmaqla bu qrup Azərbaycanın idman sahəsində, o cümlədən gimnastikada nailiyyətləri ilə bağlı təbliğata başladı. Ümumiyyətlə, Azərbaycanın gimnastika sahəsində nailiyyətləri göz qabağındadır. Federasiyanın prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bir çox nailiyyətlər əldə etmişik. Biz bu nailiyyətlərimizə görə sevinirik, fəxr edirik. Bu gün də fəxr edirik ki, Fərid Qayıbov artıq qitənin aparıcı idman federasiyalarından birinə başçılıq edir. Düzdür, Avropa Gimnastika Federasiyasına rəhbərlik etmək çox çətin işdir. Lakin Fərid Qayıbov artıq lazımi təcrübəni toplayıb. Fərid Qayıbovla fəxr edirik, hamımız, o cümlədən Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ona dəstək olacaq, yanında olacaq".

Sizin Reklam Yeriniz