Əlaqə Arxiv
news Image
2017.12.07
09:45
| A A A
Azərbaycan logistika, informasiya mübadiləsi sahəsində regional tranzit mərkəzə çevrilir
Mükəmməl telekommunikasiya və sürətli informasiya mübadiləsi müasir inkişafın əsasını təşkil edir

Bu gün Azərbaycan həm logistika, həm də informasiya mübadiləsi sahəsində regional tranzit mərkəzinə çevrilir. Bu sözləri  nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017”  sərgisinin açılışı zamanı deyib. Builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərginin 40 faizi “Bakutel”in daimi eksponatlarından ibarətdir. Sərgi iştirakçılarının 30 faizi debütantlardır. Bu da onu göstərir ki, Azərbaycan bu sahədə sürətlə nailiyyətlər qazanır və onun təcrübəsindən öyrənmək arzusunda olanlar ildən-ilə artır.

Azərbaycan Respublikasının tranzit potensialının inkişaf etdirilməsi ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir. Bu istiqamətdə xidmət sahələrində elektron idarəetmə sisteminin tətbiqi ən yeni texbologiyalar əsasında həyata keçirilir. Nəticədə mürəkkəb əməliyyatlar və prosedurlar sadələşdirilir və vaxt itkisi aradan qalxır. Məsələn, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2016-cı il 4 mart tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, yüklərin çatdırılma müddətinin azaldılması, sərhəd-keçid prosedurlarının optimallaşdırılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi və s. məsələlər üzrə tədbirlər uğurla həyata keçirilir..

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə  Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması və tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi kimi strateji hədəflər müəyyən olunub. Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsi, Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi ölkənin tranzit potensialının gücləndirilməsinə töhfə verəcək.

Hazırda Avropa regionunda yüklərin vahid tranzit proseduru altında daşınması üzrə norma və tələbləri müəyyən edən, Avropa İttifaqının üzv dövlətləri, eləcə də İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn, Türkiyə, Makedoniya və Serbiyanın daxil olduğu Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (New Computerized Transit System - NCTS) beynəlxalq daşımalar zamanı vahid inzibati sənəd və vahid gömrük zəmanəti altında yüklərin daşınması üçün tətbiq olunur.

Bu sistemin tətbiqi, həmçinin respublikamızda istehsal olunan “Made in Azerbaijan” brendli malların NCTS üzvü olan ölkələrin bazarlarına çıxışına imkan yaradacaq.

Dekabrın 5-də Norveçin Oslo şəhərində keçirilmiş Birgə Komitənin iclasında Azərbaycanın müraciəti müzakirə edilib və ölkəmizə qeyri-formal müşahidəçi statusu verilib.

“Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə növbəti yüksək səviyyəli görüş keçirilib. Təkcə Azərbaycan üçün deyil, Avropa və Asiya qitələri üçün də nəhəng telekommunikasiya infrastrukturu adlanan bu layihənin tezliklə reallaşacağı gözlənilir. TASİM layihəsinin reallaşdırılması məqsədilə ətraflı texniki-iqtisadi əsaslandırmanın aparılması üçün Azərbaycan tərəfindən irəli sürülmüş birgə büdcənin yaradılmasını “Çin Telecom”un vitse-prezidenti Yang Liu müsbət qiymətləndirib: “Ötən gün biz bu protokolu artıq imzaladıq.Hesab edirəm ki, bu növbəti mərhələyə keçid üçün uğurlu nəticədir”. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya çatacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşa ərazisindən keçəcək.

Faktlardan göründüyü kimi ölkəmiz beynəlxalq nəqliyyat qovşaqlarının koordinatoru olduğu kimi telekommunikasiya xətləri sahəsində də mərkəz rolunu oynamağa yaxındır. Bütün bunlar isə gələcək inkişafın üfüqləri fonunda baza rolunu yerinə yetirəcək.

N.NOVRUZ

 

 

 

 

 

Sizin Reklam Yeriniz