Əlaqə Arxiv
news Image
2017.12.12
15:13
| A A A
Pekində müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Pekində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib.

Movqe.az xəbər verir ki, səfir Əkrəm Zeynallı Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu deyib. O, ölkəmizin tarixinin 30 ildən artıq bir dövrünün, bu illər ərzində bütün sahələrdə dirçəlişin məhz Ulu Öndərin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb.

Səfir ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıdığını, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxara bildiyini, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdiyini və onun həyata keçirilməsi üçün mühüm addımlar atdığını söyləyib. Bildirib ki, bu gün həm ana Vətənimiz Azərbaycanda, həm də onun hüdudlarından kənarda Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir.

Azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qoyan Ulu Öndərin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafındakı roluna xüsusi diqqət yetirən səfir Əkrəm Zeynallı onun rəhbərliyi altında müəyyənləşdirilmiş xarici və daxili siyasətin nəticəsində Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutduğunu vurğulayıb.

Ulu Öndərin bizə miras buraxdığı müstəqil Azərbaycan Respublikasının bu gün etibarlı əllərdə olduğunu qeyd edən səfir ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Hazırda Azərbaycanın öz tarixində ən qüdrətli dövrünü yaşadığını söyləyən səfir ölkəmizin bütün sahələrdəki sürətli inkişafının əsasında Heydər Əliyev uzaqgörənliyinin, dahiliyinin və yüksək amallarının dayandığını qeyd edib.

Tədbirdə Ümummilli Lider haqqında “Vətənə, xalqa həsr edilən ömür” sənədli filmi nümayiş etdirilib, ehsan süfrəsi açılıb.

AzərTac

Sizin Reklam Yeriniz