Əlaqə Arxiv
news Image
2017.12.13
09:40
| A A A
Ermənistan demoqrafik fəlakətin astanasındadır
Azərbaycan torpaqlarına yad millətin kiməsə arxalanıb burada qurduğu dövlət dağılmaq təhlükəsi ilə üz-üzədir

Bir zamanlar bütün dünyadan ermənilər Azərbaycan torpaqlarına köçürülürdüsə, indi Ermənistandan böyük köç başlayıb. Çoxlu sayda erməni ailəsi ölkəni tərk edir. 

Hazırda Ermənistanın əhalisi rəsmi statistika üzrə 3 milyondan bir qədər çoxdur. Amma bu, şişirdilmiş rəqəm sayılır. Məlumatlı ermənilər özləri etiraf edirlər ki, ölkədə heç 2 milyon əhali yoxdur. Bu bir yana, 2016-cı il oktyabrın1-nə nisbətən bu ilin 1 oktyabrına qədər əhalinin sayı 14 min nəfər azalıb. Mütəxəssislərin hesablamasına görə, bu minvalla Ermənistanın əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyon enəcək. Bu isə 9,6 faizlik azalma deməkdir. 
2100-cü ildə isə Ermənistan əhalisi vur-tut 1,793 milyon təşkil edəcək.
BMT-nin dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikası ilə bağlı hesabatında bildirilir ki, 2100-cü ildə Ermənistanda vur-tut 1,793 milyon adam yaşayacaq. 
Xeyli vaxtdır ermənilərin iş və qazanc dalınca başqa ölkələrə, daha çox Rusiyaya qaçmaları barədə İrəvanın ictimai təşkilatları həyəcan təbili çalırdılar. Ancaq indi vəziyyət pisliyi doğru fəlakətli həddə çatıb. Əhali tək-tək yox, ailəlikcə birdəfəlik köçüb getməyə üstünlük verir. Bu səbəbdən ölkə əhalisi sürətlə azalır. BMT sənədi rəsmi statistik göstəricilərə əsaslandığından bəlkə göstərilən rəqəmlər həqiqəti əks etdirmir, yəni vəziyyət daha acınacaqlıdır.
 İrəvanda çıxan “Haykakan Jamanak” demoqrafik fəlakəti sübut edən faktları gündəmə gətirib. Qəzet yazır ki, 2017-ci ilin I rübündə Ermənistanda 3544 nikah qeydə alınıb. Halbuki, 4 il əvvəl bu rəqəm 4744 idi. Ermənilərin Ermənistandan qaçmasının birinci səbəbi işğalçı siyasətin qurbanına çevrilmək istəməmələridir. Çünki, orduya çağırılan gənc oğlanlar və “könüllü” qızlar dərhal Azərbaycanın Qarabağ bölgəsinə, birbaşa güllə səslərinin kəsilmədiyi ön cəbhəyə göndərilir. Burada isə hər an ölümlə üz-üzə gəlmək qorxusu var. İkinci səbəb isə əhalinin yoxsulluq və səfalət içərisində yaşamasıdır. Bu gün Ermənistanda yaşayan hər bir erməninin çiynində dövlətin 5 min dollarlıq xarici borcu daşınır. Hökumət isə vəziyyəti düzəltmək, iş yerləri açmaq, sosial proqramlar həyata keçirmək əvəzinə militarist siyasətə girişib. Belə ki, beynəlxalq təşkilatların araşdırmasına görə Ermənistan respublikası dünyada ən çox silahlanmış 3 ölkədən biridir.    
Belə bir vəziyyətdə prezident Serj Sarkisyan öz vəzifəsini pafoslu çıxışları ilə xalqı aldatmaqda görür. O, “əhalinin sayının 2040-cı ilədək 4 milyon nəfərədək artırılması” çağırışı edərək  xülyalar aləmində yaşayır. Ermənistanda hazırda adambaşına düşən ÜDM payı 3500 dollardır. Sarkisyan isə bu rəqəmi 2040-cı ildə 15 min dollara çatdırmaq, üstəlik, ölkə əhalisinin sayını artırmaq istəyir. Görünür, qəflət yuxusunda olan prezident həmin vaxt xarici borcun hansı rəqəmlərlə ifadə olunacağını bildiyindən xalqı aldatmaq, özünü isə ovundurmaq üçün bu yolu seçib. 
İndi Ermənistan hökuməti ölkədən qaçanları geri qaytarmaq üçün baş sındırır. Ancaq bundan ötrü sosial-iqtisadi vəziyyəti dəyişmək əvəzinə məmurlar ciblərini doldurmağı düşünür. Ordudan yayınanların müəyyən haqq müqabilində mühakimədən azad olunması haqda qanunun qüvvəsini uzatmaq istəyirlər. Qanunun qüvvədə olduğu 15 il ərzində bir neçə min nəfər bu imkandan istifadə edərək məhkəmədən yayınmağı bacarıb. Lakin onlar sonradan yenə ölkəni qanun çərçivəsində tərk ediblər. Deputatlar cərimənin miqdarını da artırmağı təklif ediblər. Lakin ekspertlərin ümumi fikri belədir ki, bu yolla nə büdcəni doldurmaq, nə də əhalini geri qaytarmaq mümkündür. Az-çox siyasətdən və iqtisadiyyatdan başı çıxan erməni politoloqlar etiraf edirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanın nicat yolu tapılmayacaq. Təssüf ki, Ermənistan rəhbərliyinin kriminal keçmişi və xəyalpərvərliyi münaqişənin həlli yolunda əngələ çevrilib. Yəni, Qarabağ münaqişəsinin həll yolu Serj Sarkisyanın devrilməsindən keçir.
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz