Əlaqə Arxiv
news Image
2017.12.21
07:00
| A A A
Təhlükəli Yeni il hədiyyələri
Eyyub Hüseynov: “Yeni il şənliyindən sonra uşaq zəhərlənmələri artır” Azər Sərdarov: “Ötən il bayramından qalmış məhsulları belə hədiyyə şəklində qablaşdırırlar”

Yeni il bayramına sayılı günlər qaldı. Artıq ölkəmiz hər mənada bayrama hazırlaşıb. Ancaq Yeni il şənliyinin köhnə dərdi qalmaqdadır. Belə ki, satışda olan hədiyyələrin içindəki məhsulların keyfiyyəti hər il sual və narahatçılıq doğurub. Bununla bağlı hər bayramdan sonra şikayətlər artır. Odur ki, bu il də oxşar problemin yaşancağı istisna edilmir. Mütəxəssislər xüsusən valideynləri diqqətli olmağa çağırır. Təhlükədən yayınmağın isə ən sadə yolu hədiyyəni yerindəcə açıb yoxlamaqdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ildən-ilə bu vəziyyət yaxşılaşır: “10 il bundan əvvəl bir neçə hədiyyə paylayan qurumların bu fəaliyyətlərinin qarşısının alınmasına nail ola bildik. Hətta onların təşkil etdikləri şənliklərin də dayandırılmasına nail olmuşduq. Lakin indi bu sahədə vəziyyət əvvəlki illərə nisbətən xeyli dəyişib, yaxşılaşıb. Təəssüf ki, buna rəğmən, problem tam həllini tapmayıb. 
Hədiyyələr xarici ölkələrdən gətirilən, eləcə də daxildəki məhsullarla qablaşdırılır. Bunlar da əsasən vaxtı keçmiş mallar olur. Eyni zamanda hədiyyənin qiyməti içindəki malların qiymətindən 2 dəfə baha olur. Alıcıcılar isə əksər vaxtı bunlara diqqət etmirlər. Ona görə də hər il oşxar hadisələr baş verir. Yeni il şənliyindən sonra uşaq zəhərlənmələri artır. Odur ki, istehlakçılar hədiyyəni alan zaman onu açıb içindəki məhsula baxmalıdırlar. Yararlıq və istehsal tarixi göstərilməyibsə, həmin məhsuldan istifadə etməsinlər. Bütün hallarda isə istehlakçının 14 gün ərzində aldığı məhsul geri qaytaraq pulu almaq hüququ var. İstehlakçı bu hüququndan istifadə etməlidir”. 
İstehlakçıların Maarifləndirilməsi və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Azər Sərdarov isə daha radikal düşünür: “Xüsusən bu dövrlərdə valideynlər heç bir hədiyyəni almamalıdırlar. Ümumiyyətlə, istənilən qida məhsulunu alarkən onun istehsal və son yararlıq vaxtına diqqət edilməlidir. Çünki, hazırda sahibkarlara qarşı heç bir cəza tədbiri görülmür. Sahibkarlar da bu məqamdan istifadə edirlər. 
Əgər cinayət tərkibi yoxdursa, hədiyyəni satanlar, məhsulu istehsal edənlər əksər vaxtı haqlı  çıxacaqlar. Hətta araşdırmalarımız göstərir ki, sahibkarlar xaricdən məqsədli şəkildə vaxtı bitməyə az qalmış məhsulları ucuz qiymətə alırlar. Bununla yanaşı, ötən il bayramından qalmış məhsulları belə hədiyyə şəklində qablaşdırırlar. Belə vəziyyətdə valideynlər diqqətli olmalıdır. Nəzərə alaq ki, yeni il şənliyi 10-15 gün çəkir. Valideynlər məhz həmin müddət ərzində diqqətli olmalıdırlar. Çünki işbazlar məhz belə günləri gözləyir”.
Ekspert əlavə etdi ki, tək yeni il hədiyyələrində yox, ümumiyyətlə, istənilən məhsulu alarkən diqqətli olmaq lazımdır: “Çünki, bu gün istənilən mağazada vaxtı keçmiş məhsul tapmaq olar. Əslində, məhsulun yararlılıq müddəti qutusunun içində olmalıdır. Xüsusən də  şirniyyatların yararlılıq müddəti göstərilmir. Son nəticədə ziyan çəkən istehlakçı olur”.
Azər Sərdarov qeyd etdi ki, ayda bir neçə dəfə xarab məhsulların utliziyasiyasını təşkil etmək lazımdır: “Bu işi mətbuat da daxil olmaqla bir sıra təşkilatların iştirakı ilə etmək lazımdır. O zaman məlum olar ki, satışda vaxtı keçmiş məhsullar var. Çünki bu gün bəzi mağazalar vaxtı keçmiş məhsulları yenidən istehsala qaytarırlar”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz