Əlaqə Arxiv
news Image
2017.12.21
08:00
| A A A
Televerilişlərdən narazılıq səngimir
Qazanc və reytinq yarışı yenə maarifçiliyi üstələyir

Yerli telekanallardan ənənəvi narazılıq davam edir. Əhalinin ziyalı qismindən bizim televiziyaların halını xəbər alanda “vallah, mən yerli kanallara baxmıram” – deyə yaxasını bu söhbətdən qurtarmağa çalışır. Səbəb nədir və nədən telekanallar cəmiyyətə getdikcə yadlaşır? Məsələ burasındadır ki, Azərbaycan cəmiyyəti inkişaf edir. Söhbət yalnız iqtisadi gücün artmasından, ölkəmizin regional liderliyindən, dünyada siyasi çəkisinin artmasından getmir. Bunlar var və getdikcə də güclənir. Lakin ictimai təfəkkürün, dünyagörüşün, elmin, təhsilin, sosial münasibətlərin inkişafında kütləvi informasiya vasitələrinin xüsusi və bəlkə də ən güclü növü kimi televiziya kanallarımızın bu istiqamətdə yeri və rolu görünmür. Halbuki televiziya, bütün gözüaçıq insanların təbirincə, cəmiyyətə təsir imkanlarına görə ən güclü vasitə sayılır. Təəssüf ki, biz buna şahidlik edə bilmirik. Əvəzində əks proses baş verir. Yəni, öz telekanallarımızdan mənəvi qida ala bilməyən tamaşaçılar başqa ölkələrin kanallarına baxmağa üstünlük verir ki, bu da onların mənəvi-estetik zövqünün başqa istiqamətə yönəlməsinə səbəb olur. Halbuki bizə öz milli dəyərlərimizin müasirlik baxımından inkişafı maraqlı və vacibdir.

İndi televiziyalarımızda yayımlanan verilişlərin əksəriyyətinin aparıcıları mövzunu zəif bilmələri ilə yanaşı, efir ədaları ilə də tənqidə tuş gəlirlər və bu məsələdə tənqidçilər tam haqlıdırlar. Milli Televiziya Şurası və ayrı-ayrı müəlliflər, tamaşaçılar tərəfindən dəfələrlə tənqidlər səslənməsinə baxmayaraq teleməkanlarda ciddi dəyişikliklər baş vermir. Düzdür, ümumi mühakimələrlə bütövlükdə hamını günahlandırmaq olmaz. Diqqət edəndə ayrı-ayrı verilişlər var ki, onlar informasiya yükü ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarır. Lakin efir dili, aparıcının leksikası və tələffüzü günün tələblərinə cavab vermir və nəticə etibarı ilə tamaşaçını arxasınca aparmağı bacarmır.  
Bu il oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzulu konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Televiziya və KİV rəhbərləri bilməlidirlər ki, Azərbaycan cəmiyyətinə nümunələri onlar təqdim edirlər. Ona görə də televiziya efirinə, mətbuatın səhifələrinə bütün sahələr üzrə Azərbaycanı, xalqımızı təmsil etmək iqtidarında olan şəxslər çıxarılmalıdır. Burada televiziyaların üzərinə mühüm vəzifə düşür”.
Bu vəzifə Azərbaycan dilinin inkişafı ilə birbaşa bağlıdır. Əgər biz dilimizin dünya dilləri ailəsində tam gücü ilə təmsil olunmasını istəyiriksə, bunu istəməməyə haqqımız yoxdur, onda milyonlarla insana çıxışı olan televerilişlərin səviyyəsini yüksəltmək qayğısına qalmalıyıq. Dil insan zəkasının açarı rolunu oynayır. Özümüzü təsdiq etmək üçün bu işi görmək hər bir jurnalistin mənəvi və vəzifə borcudur.

N.NOVRUZ

Sizin Reklam Yeriniz