Əlaqə Arxiv
news Image
2017.12.21
09:50
| A A A
Məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət hələ də ürəkaçan deyil
Kamran Əsədov: “Hazırda uşaların təxminən 25 faizi məktəbəqədər təhsil müəssisəsinə cəlb oluna bilib”

Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmamasının əsas səbəbləri uşağın yaşadığı ərazidə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya az olması, xəstəlik, əlillik, özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin çox olmasıdır. Bu barədə Təhsil Problemləri İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi üzrə yekun hesabatda qeyd edilib. 

Məlumatda bildirilib ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır: “Hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər. Belə ki, özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağlarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur”.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirir ki, problem bununla kifayətlənmir: Ümumiyyətlə, Azərbaycanda məktəbəqədər təhsil müəssisələri bu yaş kateqoriyasına daxil olan uşaqların hamısını cəlb edə bilmir: “Məsələn, Finlandiya, Norveçdə, Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə məktəbəqədər yaş kateqoriyasına malik olan şəxslərin hamısı bu təhsil müəssisələrinə cəlb olunur. Azərbaycanda isə bu, aşağı səviyyədədir. Belə ki, hazırda uşaların təxminən 25 faizi məktəbəqədər təhsil müəssisəsinə cəlb oluna bilib. Nəzərə alaq ki, Bakı şəhərində hazırda 1600-a yaxın uşaq bağçaları fəaliyyət göstərir. Ancaq təssüf ki, Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin də sayı çox deyil. 
Bu gün ölkəmizdə 67 dənə özəl məktəbəqədər təhsil müəssiəsi fəaliyyət göstərir ki, bunun da 66-ı Bakı şəhərində yerləşir. Düzdür, uşaqların özəl məktəbəqədər təhsil müəssisəsinə cəlb olunmasının maliyyə ilə əlaqələri var. Lakin dövlət bağçalarında yer tutumu bütün uşaqların sayına uyğun deyil. Bu gün məktəbəqədər təhsilə cəlb olunacaq uşaqların sayı 14 min nəfərə yaxındır. Lakin Azərbaycandakı məktəbəqədər təhsil müəssisələri  o qədər uşağı cəlb etmək imkanına malik deyil. İnfrastruktur yoxdur. Bundan başqa, təəssüflər olsun ki, dövlət məktəbəqədər təhsil müəssisələrində müəllimlərin bilik səviyyəsi, təhsili özəllərlə müqayisədə aşağıdır. Konkret rəqəmlərlə danışmaq olar. Bu gün 1600-ə qədər dövlət məktəbəqədər təhsil müəssiəsinin rəhbərlərinin 40 faizi, müəllimlərinin isə 60-70 faizi orta ixtisas təhsillidirlər. Yəni, onlar bu sahə üçün kifayət qədər bilik və bacarıqlara malik deyillər. Özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbələrinin isə hamısı ali təhsilləridir. Hətta müəllim kontingenti və tərbiyəçilərin hamısı ali təhsillidir. Belə olan təqdirdə isə valideyn özəl məktəbəqədər təhsil müəssisəsini seçməyə üstünlük verəcək. Bundan başqa, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, dövlət bağçalarında xəstələnən uşaqlarının sayı özəl bağçalarda xəstələnən uşaqlarının sayına nisbətən aşağıdır. Həmçinin dövlət bağçalarında qidalanma özəl bağçalardakı qədər deyil. Ən ciddi problemlərdən biri isə dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlara verilən biliyin standartlardan aşağı olmasıdır. Bu, uşaqların məktəbə qəbul zamanı hiss edilir. Dövlət bağçalarının müəllimləri aşağı səviyyədə tədris qururlar. Düzdür, dövlət bağçaları Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təmir olunur. Ancaq təssüf ki, buna rəğmən, müəllim kontingenti aşağı səviyyədədir”.
Ekspert əlavə etdi ki, Sovetlər dönəmində məktəbəqədər təhsil müəssisələrinin sayı 6 mindən çox idi: “1991-ci ildə bu rəqəm 4 minə düşdü. Qanunverciliyə görə, onlar özəlləşdi və bəziləri fəaliyyətlərini dayandırdı. Məktəbəqədər təhsil dedikdə 5 yaşa qədər nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları, körpələr evi fərqli anlayışlardır. Yəni, 1 yaşdan 5 yaşa qədər uşaqlar bağçalara gedir. Bunlar icra hakimiyyətlərinə tabedir. Amma 5 yaşından sonra uşaqların getdikləri məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə tabedir və məktəblərin nəzdində fəaliyyət göstərir. Bunlar ödənişsiz olaraq fəaliyyət göstərirlər. 
Bildiyimiz kimi, müəllimlərin işə qəbulu imtahanla həyata keçirilir, bilik və bacarıqları diaqnostik qiymətləndirmə ilə yoxlanılır. Dövlət bağçalarına da qəbul həmin formada həyata keçirilməldir. Şəffaflıq olmalıdır. Tez-tez onların da bilik və bacarıqları yoxlanılarsa, vəziyyət müsbətə doğru dəyişə bilər”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz