Əlaqə Arxiv
news Image
2017.12.27
07:00
| A A A
Sosial mənzillər evlərin qiymətini ucuzlaşdıracaq
Vüqar Oruc: “Sosial mənzillərin ideya olaraq reallaşdırılması mənzil bazarına pozitiv təsir göstərəcək” Rəşad Əliyev: “İndidən bazara təsiri hiss edilir”

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib. Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunacaq Hövsan Yaşayış Kompleksi çoxmənzilli 11 yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır.

Qeyd edək ki, Agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi davam edir və artıq burada satışa hazırolan mənzillər də var. Belə ki, cari mayın 30-da “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına başlanılıb. Bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib. Bununla da dövriyyəyə tədricən sosial mənzillər daxil olmağa başlayıb. Ekspertlərin fikrincə, bu amil ümumi mənzil bazarına təsir edəcək. Xüsusən də qiymətlərin tənzilənməsində mühüm rol oyanaycaq.
"Koneko" Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Orucun fikrincə, sosial mənzillərin ideya olaraq reallaşdırılması mənzil bazarına pozitiv təsir göstərəcək: “Belə ki, daşınmaz əmlak bazarında müəyyən dəyişiklər, canlanma yaradacaq. Lakin həmin mənzillərin satışı üçün mövcud bazar qiyməti əsas götürüləcək. Ancaq buna baxmayaraq, sözügedən layihəyə start verilməsi daşnımaz əmlak bazarındakı durğunluğun aradan qalxmasına təsir edəcək. 
Bazarda artan təklif qiymətlərə də təsir göstərir və qiymətlərdə müəyyən dəyişmələr baş verir. Eyni zamanda bazarda təklif çoxalarsa, vətəndaşların seçim imkanı da genişlənər.  Bu baxımdan layihənin reallaşdırılması tikinti bazarına, bütövlükdə ölkə iqtisadiyyatına müsbət təsirini göstərəcək. Ölkədə tikinti bazarında aktivlik baş verirsə, bu, digər sferalarda da özünü göstərəcək”.
Ekspert əlavə etdi ki, layihə sosial vəziyyəti aşağı olan insanlar üçün nəzərdə tutulub: “O baxımdan həmin mənzillər mənzilə ehtiyacı olan insanlara verilməlidir. Şərtlər elə olmalıdır ki, buna şərait yaransın. Mənzili olan şəxsin burdan da yararlanmasının qarşısı alınmalıdır.  Dövlət bu mənzilləri kiminsə qazanc əldə etməsi üçün vermir. Məqsəd mənzilə ehtiyacı olanların mənzillə təmin olunmasıdır. Bu məqsədin müqəddəsliyi qorunub saxlanılmalıdır. Bu da MİDA və İpoteka Fondunun vəzifə borcudur. Bu şərtlərə əməl olunacaqsa, mənzil bazarına müsbət təsir göstərəcək. Qiymətlərin reallığa uyğunlaşmasına kömək olacaq. Son nəticədə həm vətəndaşlar qazanacaq, həm də daşınmaz əmlak və ölkə iqtisadiyyatında pozitiv dəyişiklər meydana çıxacaq”. 
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, Yasamal nisbətən yaxşı ərazi sayılır: “Müəyyən qədər mərkəzə yaxın ərazidir. Ancaq Hövsan ətraf ərazi hesab edilir. Odur ki, Yasamala nisbətən Hövsandakı sosial mənzillərə tələbat az olacaq. Ancaq bir faktı nəzərə almaq lazımdır ki, MİDA torpaq sahələrinə pul xərcləmir. Onda belə belə nəticəyə gəlmək olar ki, torpağın maya dəyərinin tikintinin maya dəyərinə təsiri yoxdursa, şəhərin mərkəzində də, kənarında da ekonom sinfə aid olan mənzillərin qimətləri hamısı eyni olacaq. Ancaq istənilən vəziyytdə sosial baxımından yaxşı layihədir. İndidən bazara təsiri hiss edilir”. 
Mübairz BAYRAMOV

Sizin Reklam Yeriniz