Əlaqə Arxiv
news Image
2017.12.28
13:00
| A A A
Məleykə Abbaszadə: Çox vaxt gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər

Regionların iqtisadi inkişaf proqramlarına əsasən, hər bir rayonda yaşamaq və işləmək üçün lazımi infrastruktur yaradılıb. Lakin nədənsə, ölkəmizdə insanların məhz Bakıda aşağı vəzifədə işləməsi belə ailə-məişət mühitində uğur hesab olunur. Ancaq hamımız bilirik ki, paytaxtda işləyib yaşamaq daha çətindir.

Movqe.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, vakant vəzifələr regionlarda yerləşən dövlət orqanlarında olanda insanlar orada işləmək üçün həvəsli olmurlar.

M.Abbaszadə bu sahədə müəyyən çatışmazlıqların müşahidə olunduğunu söyləyib:

“Regionlarda yerləşən dövlət orqanlarında rəhbər vəzifələrə aid vakant yerlər daha çoxdur və rayonlarda da yüksək ixtisaslı kadrlara ehtiyac var. Çox vaxt gənclər valideynlərin himayəsi altında pensiya yaşına qədər yaşamaq istəyirlər. Belə olmamalıdır. Gənclər öz sərbəstliyindən istifadə etməlidirlər. Öz üzərində çalışan hər bir insan regionda əmək fəaliyyətinə başlasa, yaxşı vəzifəyə sahib ola bilər”.

Direktorlar Şurasının sədri əlavə edib ki, dövlət qulluğu ilə bağlı elan olunan vakant yerlər və bu yerlərə qəbul olmaq üçün müsabiqədə uğur qazanan namizədlərin sayı arasında fərq var. Vakant yerlər daha çox, namizədlərin sayı isə azdır:

“Görünən odur ki, insanlarda hələ həmin yerləri tutmaqla bağlı inam yaranmayıb. İnsanlar imtahan prosesindən qorxmamalıdırlar. Onlar öz üzərində işləyib imtahanlarda hər ay iştirak edə bilərlər”.

M.Abbaszadə qeyd edib ki, dövlət qulluğu imtahanında uğur qazanan namizədlər əsasən gənclərdir:

"Bu təxminən bütün namizədlərin 40 faizini təşkil edib. İmtahanda bakalavrlarla müqayisədə magistrlərin göstərdiyi nəticələr daha yüksək olub. Ümumilikdə, magistr təhsilli iştirakçıların imtahanda daha yaxşı nəticə göstərməsi ali təhsilin bu səviyyəsinə daha hazırlıqlı gənclərin qəbul olduğunu göstərir. Belə ki, dövlət qulluğuna işə qəbul imtahanının test imtahanı mərhələsindən uğurla keçmiş 966 namizəddən 552 nəfərinin yalnız bakalavr təhsili var və bunlar imtahanda iştirak etmiş yalnız bakalavr təhsilli 1850 namizədin 29,84%-ni təşkil etdiyi halda, test imtahanı mərhələsindən uğur qazanmış 414 magistr təhsilli namizəd isə qeydiyyatdan keçmiş 856 namizədin 48,36%-ni təşkil edir. Göründüyü kimi, müvəffəqiyyət göstəriciləri arasındakı fərq magistrlərin xeyrinə 18,52% təşkil edib”.

M.Abbaszadə qeyd edib ki, müsabiqənin test mərhələsində namizədlər məntiq, informatika və Azərbaycan dilindən daha yaxşı nəticə göstəriblər:

"Lakin qanunvericiliklə bağlı sualların cavablandırılmasında çətinliklər müşahidə olunub ki, bu da qanunvericiliklə bağlı müəyyən sənədlərin tez-tez dəyişməsi ilə əlaqədardır".

M.Abbaszadə qeyd edib ki, inzibati vəzifələrin A və B növləri üzrə müsabiqənin müsahibə mərhələsinə dövlət orqanları tərəfindən 1461 vakant vəzifə təqdim olunub:

"Daha əvvəl keçirilən müsabiqələrdən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş 313 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilib. Gələn ildən isə inzbati icraçı (B növü) vəzifə qrupları üzrə müsahibələr elan olunacaq.

Sizin Reklam Yeriniz