Əlaqə Arxiv
news Image
2017.12.28
11:45
| A A A
“Vətənin müdafiəsinə hazıram!”

Səbail rayonundakı 162 № li orta məktəbdə Səbail Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.
Rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon şöbəsinin şəxsi heyəti, idarə, rayon ictimaiyyətinin təmsilçiləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayondakı hərbi hissələrin əsgərlərinin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının müqəddəs xatirəsi yad olunub.
Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev gənclərin üzərinə məsuliyyətli vəzifələrin düşdüyünü qeyd edərək, tarixin bütün mərhələlərində dövlətçiliyimizin qorunması, torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qorunub-saxlanılmasında onların əvəzsiz rolunun olduğunu bildirib. Eldar Ağayev Azərbaycan xalqının müharibə arzulamadığını, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olduğunu, lakin sülh istəyən xalqın həmişə hərbə də hazır olmasının vacibliyini diqqətə çatdırdı. Qeyd olundu ki, keçən ilki aprel döyüşlərində Səbailli gənclər də yaxından iştirak etmiş, 2 gəncimiz bu döyüşlərdə yaralanıb. Eldar Ağayev tarixə “dördgünlük müharibə” adı ilə düşən aprel döyüşlərinin gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdiyini, qazanılan qələbənin xalqımızın orduya olan inamını ikiqat artırdığını ifadə edib.
SHXÇDX-nin şöbə rəisi, polkovnik Rasim Şirinov çıxışında vətənpərvərlik hissinin yüksəldilməsi üçün Xidmət tərəfindən silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Şöbə rəisi təmsil etdiyi qurum tərəfindən bütün rayonlarda gənclərin vətənpərvərlik tərbiyəsi və səfərbərliyə hazırlığı, çağırışçılarda vətənpərvərlik hissinin yüksəldilməsi ilə bağlı tədbirlərin keçirildiyini bildirib. O, Vətən uğrunda canlarını fəda edən oğulların heç vaxt yaddan çıxmayacağını bildirərək, bu gün ordu sıralarına göndərilən gənclərin əvvəlcə mütəxəssis hazırlığı məktəblərinə cəlb edildiklərini və artıq onların orduya gedərkən hazırlıqlı olduqlarını qeyd edib.
Tədbirdə çıxış edən 162 №-li məktəbin hərbi hazırlıq rəhbəri Sərvan Şirinov, Qarabağ müharıbəsində şəhid olmuş Etibar Əliyevin atası Allahverdi Əliyev və başqaları Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, dövlətimizin başçısının Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirdə SHXÇDX-nin təsis etdiyi “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatları məktəbin məzunu, şəhid Etibar Əliyevin atası Allahverdi Əliyevə və Qarabağ müharibəsi veteranı İlham Əliyevə təqdim edilib. Eləcə də, çağırışaqədərki hazırlıq fənninin tədrisində və hərbi vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə görə 162 №-li orta məktəbin hərbi rəhbəri Sərvan Şirinov, gənclərin çağırışaqədərki hazırlığı fənnində yüksək nailiyyətlərə görə həmin məktəbin X sinif şagirdi Əlizamin Quliyev SHXÇDX tərəfindən mükafatlandırılıb.
Bədii hissədə vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və 162 №-li orta məktəbin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Sizin Reklam Yeriniz