Əlaqə Arxiv
news Image
2017.12.31
21:32
| A A A
Qərargah: Alpinistlərin axtarışının fasiləsiz aparılması nəzərdə tutulub

Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından Trend-ə verilən məlumata görə, axtarışlar yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. Bu gündən hava şəraiti daha da pisləşib. Axtarış-xilasetmə tədbirlərinin aparıldığı ərazidə güclü külək və qar müşahidə olunur. Meteoroloji şəraitin getdikcə sərtləşəcəyi proqnozlaşdırılır. Buna baxmayaraq, axtarış-xilasetmə tədbirlərinin fasiləsiz aparılması nəzərdə tutulub.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təşkil olunan axtarış işlərinə qurumun müvafiq xilasetmə qurumlarının canlı qüvvə və texnikası, xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.

 

FHN təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə baxmayaraq, bəzən həqiqəti əks etdirməyən məlumatlar yayılır. 

Əməliyyat Qərargahı bildirir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub. Növbəti gün, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış-xilasetmə əməliyyatına FHN-in mürəkkəb şəraitlərdə xilasetmə işləri aparmaq təcrübəsi olan peşəkar xilasediciləri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir.

Sizin Reklam Yeriniz