İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması, saf ruh, xoş ovqatla müjdələyən Novruz bayramı münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. 19 mart 2012-ci il tarixdə ilaxır çərşənbəsi günü Suraxanı rayonu Heydər Əliyev parkında ümumrayon şənliyi keçirilmişdir.
Heydər Əliyev parkı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına böyük səməni yerləşdirilmişdi.
Bahar qızı, Keçəl, Kosa şənliyə gələnlərə el adətincə səməni və xonça təqdim edir, bayram münasibəti ilə təbrik edir, məzəli söhbətləri ilə onlara bayram əhval-ruhiyyəsi bəxş edirdilər.
Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. S.Bəhlulzadə adına Mədəniyyət sarayının incəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hamını bu gözəl bayram münasibəti ilə təbrik edərək xoş arzularını bildirdi. Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevə uğurlar arzuladı.
Bayram konsertinin aparıcıları öz çıxışlarında qeyd etdilər ki, xalqımız doğma Azərbaycanımızın hər yerində qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılayır. Novruz öz çal-çağırı, qədim mərasimləri, gur tonqalları ilə yüz illərdir ki, xalqımızın sevinc, şadlıq mənbəyi, gün-güzaranının yaraşığı olmuş, tariximizin müxtəlif dövrlərində təzyiqlərə məruz qalsa da, bu günümüzə qədər gəlib çatmış, dövlət səviyyəsində qeyd olunan bayramlar sırasına daxil olmuşdur.
Tədbirdə xüsusi vurğulandı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli–mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşmış, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərmişdir. Xalqımız bugünkü Novruzu da böyük ruh yüksəkliyi ilə bayram edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, suveren Azərbaycanımız dünya birliyinə inamla inteqrasiya edir, iqtisadiyyatımız durmadan inkişaf edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatl Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür.
İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Bu əziz bayramı Suraxanılılar böyük sevinc və fərəhlə qeyd etdirlər.
Bayram şənliyində Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak etmişdir.
Novruz şənlikləri rayonda davam edir. Belə ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14 mart tarixdə Əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 saylı İnternat məktəbində, 15 mart tarixdə "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi"ndə, 18 mart tarixdə rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə bayram tədbirləri keçirilmişdir. 20-21 mart tarixlərində isə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun qəsəbələrində, o cümlədən 2 saylı Uşaq evində bayram şənlikləri keçiriləcəkdir.
Bayram münasibəti ilə rayondakı aztəminatlı və şəhid ailələrinə, məcburi köçkünlərə bayram sovqatı verilmişdir.