Əlaqə Arxiv
news Image
2018.02.06
11:50
| A A A
Turizm zonalarının yaradılması nəyi dəyişəcək? Nazirlikdən açıqlama

Artıq Azərbaycanda yeni turizm zonalarının yaradılması istiqamətində işlərə başlanılıb. Bu günlərdə bununla bağlı mətbuata açıqlama verən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, üç yeni turizm zonasının yaradılmasına dair beynəlxalq tender elan edilib. Nazir tenderin qaliblərinin artıq seçildiyini,  Türkiyə, Britaniya və İspaniya şirkətləri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu layihə çərçivəsində üç turizm zonası yaradılacaq. Bunlar-Xızı-Xaçmaz, Quba və Qusar zonalarıdır. Nazir onu da vurğulayıb ki, tenderin qalibləri cari ilin ortasında  öz layihələrinin işlənməsini tamamlamalıdırlar. Bundan sonra layihələr, baxılması üçün Nazirlər Kabinetinə və ölkə prezidentinə təqdim ediləcək.
Nazir əlavə edib ki, turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək: “Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə turizm infranstrukturunun qurulmasına imkan yaratmalıdır".
Qeyd edək ki,  “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında da “Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2017-2018-ci illər üzrə Fəaliyyət Planı”nı öz əksini tapmışdı. Hətta Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz turizm və rekreasiya zonası yaradılması, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılması və həmin turizm və rekreasiya zonalarının hüdudlarının təsdiq edilməsi barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib. 
Bəs görəsən Azərbaycanda daha hansı bölgələrdə turizm və rekreasiya zonası yaradılması nəzərdə tutulub? 
Mədəniyyət və Turizm nazirliyinin turizm şöbəsinin Planlaşdırma və İnkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Movqe.az-a açıqlamasında deyib ki, turizm və rekreasiya zonaları anlayışı 2008-ci ildən “Turizm haqqında” qanuna əlavə olunub: “Elə həmin ildə də, ölkə başçısının sərəncamı ilə turizm və rekreasiya zonaları nümunəvi əsasnaməsi təsdiqlənib. Həmin əsasnamədə turizm və rekreasiya zonalarının yaradılması bölgələrin, regionun, ölkəmizin turizm təbiətinin, maddi və mənəvi dəyərlərini özündə birləşdirən bir ərazinin zona elan olunması məsələsi, eləcə də orada turistlərə xidmət göstərmək üçün kompleks turist xidmətlərinin yaradılması öz əksini tapıb. Buna misal kimi qardaş Türkiyədə Antalya və Alanya kimi zonaların yaradılmasını misal çəkmək olar. Bu sənədi əsas tutaraq 2016-cı  Quba-Qusar turizm və rekreasiya zonasının yaradılması ilə bağlı tender elan olunub.  Prezident sərəncamı ilə həmin zonaların yaradılması, həmin zonaların baş inkişaf planının hazırlanması tapşırığı verilib. Eyni zamanda ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş 2016-cı il,  “İxtisaslaşdırılmış turizm sənayesinin streteji yol xəritəsi”nin Tədbirlər Planında da turizm və rekreasiya zonalarının yaradılması məsələsi gündəliyə qoyulmuşdu. Bununla əlaqədar işlər həyata keçirilib və bu gün də davam etdirilir”.
Nazirlik səlahiyyətlisi deyir ki, hədəf planlı şəkildə turizm xidmətlərini özündə əks etdirən xidmət sahələri yaratmaqdır: “Kompleks şəkildə turizm zonalarının yaradılmasında məqsəd, həm yerli həm də xarici bölgədə mövcud olan tarixi və mədəni dəyərləri önə çəkərək bunları turist xidməti formasına gətirmək və turistlərə təqdim edtməkdir. Orada yataq yerlərinin, əyləncə yerlərinin, iaşə obyektlərinin sayını artırmaq da hədəfdədir”.
Mahir Qəhrəmanov deyir ki, ölkəmizin əksər yerlərinin təbiəti, tarixi, turizm potensialı var: “30 rayonumuz turizm potensiallı sayılır. Hazırda cənub bölgəsində turizm və rekreasiya zonası yaratmaq  üzrə işlər gedir. Eyni zamanda 27 rayonun turizm potensiallı olması barədə qərara gəlinib. Bunlar Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar, Astara, Qazax, Samux, Şəmkir, Goranboy, Gədəbəy, Daşkəsən, Ağstafa, Naftalan, Göygöl, Tovuz, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən kimi rayonlardır”. 
Mahir Qəhrəmanovun sözlərinə görə, artıq bu rayonların icra hakimiyyətlərinə ölkə başçısının sərəncama uyğun məktublar da göndərilib: “Biz həmin rayonlarda hansı guşənin turizm zonası yaratmağın əlverişli olması barədə onların təkliflərini gözləyirik. İstəyirik ki, məsləhətləşmələr əsasında yeni əraziləri müəyyən edək. Artıq cənub bölgəsi üzrə ərazini müəyyən etmişik”. 

Həmsöhbətimiz bildirir ki, turizm və rekreasiya zonalarında vergi güzəştləri də tətbiq ediləcək: “Artıq bildiyiniz kimi Mədəniyyət və turizm nazirliyi İqtisadi inkişaf nazirliyi ilə bunun üçün birgə təkliflər verib. Həmin təkliflər ölkə rəhbərliyi tərəfindən təsdiq olunub. İnvestisiyanın təşviqi sənədi müxtəlif istehsal sahələrinə, eləcə də yeni turizm və rekreasiya zonalarında tikiləcək əyləncə mərkəzlərinə, iki üç ulduzlu otellərə də tətbiq ediləcək. Qeyd edim ki, İnvestisiya təşviqi sənədi vergi güzəştlərindən ibarət 7 illik sənəddir. Bu sənədin turizm və rekreasiya zonalarınada inşa olunacaq iki və üç ulduzlu otellərə, əyləncə və iaşə obyektlərinə şamil olunması müsbət amildir. Bundan əlavə turizm və rekreasiya zonaları üçün mütəmadi olaraq vergi güzəştləri üçün təkliflər veriləcək”. 
Qeyd edək ki, turizm və rekreasiya zonaları istehlakçıların əyləncəsini, istirahətini və rekreasiyasını təmin edən, xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komplekslərinin yerləşdiyi, qanunvericliyin tələbləri nəzərə alınmaqla turizmin təşkili və inkişafı məqsədi ilə ayrılan, əlverişli tuirizm potensialına və müvafiq idarəetmə qurumlarına malik olan, sərhədləri dəqiq müəyyən edilmiş ərazilərdir.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz