Əlaqə Arxiv
news Image
2018.04.04
09:00
| A A A
Azərbaycanda mənzil sahibi olan əcnəbilərin sayı artır
Rövşən Talıbzadə: “Azərbaycanda digər ölkələrdən fərqli olaraq mövcud olan siyasi-iqtisadi, dini, habelə daşınmaz əmlak bazarındakı sabitlik türk, ərəb və İran vətəndaşlarını çox rahat şəkildə buradan mənzil almağa həvəsləndirir”

İrandan, Türkiyədən və bəzi ərəb ölkələrindən olanlar Azərbaycanda daşınmaz əmlak alışına yenidən xüsusi maraq göstərməyə başlayıb. Qeyd edək ki, son illər ölkəmizə gələn turistlər arasında da Türkiyə, İran və ərəb ölkələrindən gələnlərin sayında xüsusi artımlar var. 

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadənin fikrincə, Azərbaycanda siyasi-iqtisadi və daşınmaz əmlak bazrında mövcud olan sabitlik Türkiyə, İran və ərəb ölkələrindən olan daha çox vətəndaşı çəkinmədən buradan mənzil almağa həvəsləndirir: “Heç kimə sirr deyil ki, İran və Türkiyədən ölkəmizə axın daha müntəzəm xarakter almağa başlayıb. Türkiyə vətəndaşları üçün Azərbaycan daha doğma hesab olunur. Bir çox Türkiyə sahibkarı buraya investisiya yatırır. Bəziləri də Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində iştirak edir. Ona görə də işgüzarlıq baxımından ölkəmizə daha çox türk vətəndaşı gəlir. Onlar da otellərdə qalıb əlavə məsrəfə yol verməmək üçün burada mənzil alıb daha rahat yaşamağa üstünlük verirlər. 
Həmçinin çoxsaylı Türkiyə vətəndaşı ilə Azərbaycan vətəndaşları arasında nikah münasibətləri də qurulur. Bu kimi münasibətlər də bəzi Türkiyə vətəndaşını Azərbaycanda daşınmaz əmlak almağa həvəsləndirir. İran və ərəb ölkələrindən olan vətəndaşların Bakıdan mənzil almağa marağının kökündə isə başqa amillər dayanır.  Belə ki, İran və ərəb ölkələri vətəndaşları Azərbaycanın təbiətini çox bəyənirlər. Ona görə də ölkəmizə gələndə vətənizimin dilbər güşələrini gəzib görməkdən doymurlar. Ona görə də ərəb və İran insanı 3-6 aydan bir dincəlməkdən ötrü məkan olaraq Azərbaycanı seçirlər. Bu da səbəbsiz deyil. Ölkəmizin təbiəti və xalqımızın qonaqpərvərliyi, hamıya eyni münasibət bəsləməsi burada öz sözünü deyir. Dini baxımdan da ölkəmizdə tolerantlıq hökm sürür. Bu mənada da Azərbaycanda hər hansı bir neqativ hallara rast gəlinmir. 
Yəni, ölkəmizdə mövcud olan siyasi-iqtisadi və dini sabitlik, habelə daşınmaz əmlak bazarındakı sabitlik  ərəb və İran vətəndaşlarını çox rahat şəkildə buradan mənzil almağa həvəsləndirib. Həmin ölkələrin vətəndaşları digər Avropa dövlətlərilə müqayisədə Azərbaycanda özlərini tam sərbəst şəkildə hiss edə bilirlər. Bu səbəblərdən məhz Bakıdan mənzil almağa üstünlük verirlər”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz