Əlaqə Arxiv
news Image
2018.04.04
13:31
| A A A
Türkiyədə istehsal olunan qidaların qorxulu tərkibi-Energetik içkilərdə cinsi istəyi artıran "sildenafil" aşkarlanıb

Bu günlərdə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə Türkiyədə istehsal olunan 119 adda məhsulla bağlı xəbərdarlıq edib. Agentliyin yaydığı məlumatda bildirilir ki, Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi (Gıda, Tarım ve Hayvancılık Bakanlığı) Türkiyə ərazisində istehsal olunan qida məhsulları ilə bağlı araşdırma aparıb. Aparılan araşdırmaya əsasən, 173 istehsalçıya məxsus 282 adda məhsulda tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələri aşkarlanıb. Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına,15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib. Agentlik əhalini siyahıda yer alan qida məhsullarını almamağa çağırıb.

Bu məlumatdan sonra istehlakçıları narahat edən məqam təhlükəli hesab olunan məhsulların hansı istehsalçıya aid olması, qidaların adıdır. Odur ki, təhlükəli sayılan məhsulların siyahısında hansı qidaların yer aldığını dəqiqləşdirmək üçün Agentliyə müraciət etdik. Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən həmin məhsulların siyahısına baxış keçirildiyini və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısının  hazırlandığını bildirdilər. 
Agentlikdən verilən məlumata görə, təhlükəli sayılan ət və ət məhsullarına Macit Mandıra Gıda Ürünleri San. Tic. Ltd. Şti.-nin istehsal etdiyi “Danacızade” kokteyl dana sosislərində və  fermentasiya olunmuş klassik kolbasasında (məhsulun türkcə adı- Kokteyl Sosis (Dana), Fermente Klasik Kangal Sucuk )  tək dırnaqlı heyvan əti aşkarlanıb.  Aytaç Vardar Sucuk İmalatı  şirkətində istehsal olunan “Vardar Ege Et ve Et Ürünleri” markalı termik emal görmüş dana kolbasasında (məhsulun türkcə adı- Isıl İşlem Görmüş Dana Sucuk) donuz ətinin olduğu üzə çıxıb. Baytür Et Sucukları şirkətinin “Yetaş” markalı  kanqal kolbasasında (məhsulun türkcə adı-Kangal Sucuk), eləcə də Osmanlı Kavurma müəssisəsinin “Os-Kav Rize Kavurma” markalı qovurma məhsuluna (məhsulun türkcə adı- Kavurma) da tək dırnaqlı heyvan əti aşkarlanıb. ASM Et ve Et Ürünleri Hay.Gıda şirkətinin “Mercan” fermentasiya olunmuş kolbasasında (məhsulun türkcə adı- Fermente Sucuk) dəri toxuması aşkarlanıb. Ecede Ev Mantısı şirkətinin “Ecede Ev Mantısı” dana ətindən mantı” sında (məhsulun türkcə adı- Mantı (Dana Eti) daxili orqanların aşkarlanması faktı üzə çıxıb. Digər ət və ət məhsullarında isə məhsulun tərkibində quş əti olduğu aşkarlanıb.
Türkiyədə istehsal olunan motal, holland pendirlərində, xamalarda, əritmə pendirində, süzmədə, qatıqda, hətta camış qatığında, eləcə də kərə yağında belə bitki yağının, süd yağının, nişastanın qatıldığı bəlli olub.  Çeşme Süt ve Tarım Ür. San müəssisəsinin “Çeşme”, Öz-As Gıda İm. Satış ve Paz-ın “Tar-Vak”, VİP Ortadoğu Gıda Tur. İnş. müəssisəsinin “Şifa Tat  kərəyağlarında  bitki yağları olduğu üzə çıxıb. Oba Süt Mam. Gübre Yem San şirkətinin “Oba” qaymaqlı yoqurtunda süd yağı, Demircioğlu Süt ve Süt Ür.şirkətinin “Böyükoba”, “Özlü”, “Oba”, Kaymakçı” “Yayladağ” pendirlərinə bitki yağı və nişasta qatıldığı məlum olub. Adem Bal Süt Ürünleri. Adem BAL- şirkətinin “Adem Bal” sahan qaymağında da nişasta tapılıb. Qardaş ölkədə istehsal olunan bal məhsullarında isə pətəkli və süzmə çiçək ballarının tərkibində nöqsanlar aşkarlanıb. Aparılan araşdırmalar üzə çıxardıb ki, sən demə Türkiyədə istehsal olunan zeytun yağlarının bir qisminin tərkibində toxum yağlarının olduğu təsbit edilib. Günəbaxan yağlarında isə başqa bitgi toxumlarının olduğu məlum olub.  Hətta bu yağlarının tərkibində  trans yağ turşuları qatıldığı da üzə çıxıb. Bura Aksu Çırçır Prese Yağ iplik Tar.Hayv.Gıda San.ve Tic.ltd.Şti-nin “Dalsu” günəbaxan yağı, FMK Petrol Gıda Tar. Tur. İnş. Yen.En.Taş ve Tic.Ltd.Şti.-nin “Can Şifa”, “Can Doyum” günəbaxan və zeytun yağı,   Zeytindağ Gıda Otomotiv Nakliye Pazarlama San.Tic.Ltd.Şti-nin istehsalı olan “Emiralem Zeytindağ” markası ilə istehsal olunmuş yağlar da daxildir. 
(Mabella Kozmetik) S.C.C. Grup Tekstil Bil. Hizm. Bitk. Ürn. İnş. Tic. San. Ltd. Şti-nin Wispy Tea markalı çay məhsulunda Sibutramin, Fenformin, Glibenklamid, Glimepirid maddələrinin olduğu üzə çıxıb. 
Araşdırmalar zamanı bir çox qida əlavələrinin də tərkibində insan sağlamlığına zərərli maddələr aşkarlanıb. 
Ege Gıda Tic.Ltd.Şti.nin istehsalı olan “Badboy” markalı enerji içkisində isə  sildenafil üzə çıxıb. Qeyd edək ki, sildenafil əsasən cinsi istəyi artıran həblərin tərkibinə vurulur. 
İntima Gıda Medikal İthalat ve ve İhracat San. Ve Tic. Ltd. Şti-nin  “Tall&Night Plus”, Ayhan KUŞAY-ın “Nitro Max”, MKD Fonksiyonel Ürünler Ltd. Şti-nin “Score” aromatlı qazlı içkilərinin də tərkibində sildenafil olduğu üzə çıxıb. “Şanlı İsot Kırmızı Pul Biber”- qırmızı bibər məhsulunda isə boya aşkarlanıb. 
Sofram Gıda San. Tic. Ltd. Şti-nin “Festal” markalı Yetişkin Kişilər Üçün Bitki Qarışıqlı Şokoladında, Herbalmed Gıda Ür. İmalat ve Paketleme- Erol Hamarat-ın  “High Power Energy Chocolate For Victory” bitki qarışıqlı şokaladında, Fil Baharat Bitkisel Ürünler-in “Fil Men 180 Performance Hot Chocolate” markalı məhsulunda, Erol HAMARAT-Herbalmed Gıda Ürünleri İmalatı ve Paketlenmesi-nin  “7/24 Love Women Energy Chocolate”, “High Power Energy Chocolate For Victory”, “Hercules Energy Chocolate For Victory Man” şokalad məhsullarının da tərkibində  sildenafil tapılıb.
Xatırladaq ki, bir müddət öncə “Bazır” (Buzzer) içkisində də eyni maddənin olduğu üzə çıxmışdı. Araşdırmalar nəticəsində “Bazır” enerji içkisində kişilər üçün aktivləşdirici vasitə olan “Viagra” dərmanının sildenafil maddəsi aşkar olunmuşdu. Həmin ərəfədə səkkiz enerji içkisində də cinsi aktivliyi artıran maddələr aşkarlanmışdı. Bura “Nitro max” (Nitro max) enerji içkisi də daxil idi. Bu isə energetik içki istehsalçılarının insanlar arasında sərhədsiz cinsi münasibəti artırmağa çalışmaqlarını bir daha sübut edir. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz