Əlaqə Arxiv
news Image
2018.04.05
09:30
| A A A
Ermənistan iqtisadi müstəvidə artıq ləhləyəyir
İki il əvvəl cəbhədəki məğlubiyyət erməni siyasi hakimiyyətinin çürüklüyünü üzə çıxarıb

“Ermənistan çox uzun müddət illüziyalarla yaşayıb. Bu ölkədə güc və sabitlik ehtiyatı çoxdan tükənib”. Bunu rusiyalı politoloq Oleq Kuznetsov Rusiyada keçirilmiş seçkilərin nəticələri və onların Cənubi Qafqaz regionundakı vəziyyətə təsiri məsələsini şərh edərkən deyib. Ekspert qeyd edib ki, bu gün Ermənistan onun üzərində nəzarəti artırmaq məqsədilə siyasi investisiyalar yatırıldığı obyekt halına gəlib.

Bunu erməni politoloqlar özləri də etiraf edirlər. İrəvandakı “Anlaşma” Mərkəzinin rəhbəri David Şahnazaryan Avrasiya İqtisadi İttifaqının perspektivlərini qiymətləndirərkən deyib: “Ötən 27 il ərzində Ermənistan öz müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində lazımı addımlar atmalıydı”. Onun sözlərinə görə, hazırda Ermənistanın dövlətçiliyi təhlükə altındadır: “Hazırda dövlətçiliyimiz təhlükə altındadır. 27 ildə tutarlı addımlar atmamışıq. Baxın, Gürcüstan, Moldova və Ukrayna öz dövlətçiliyi uğrunda ölüm-dirim mübarizəsi aparır. Bu, o ölkələrdir ki, hakimiyyətlər seçki yolu ilə dəyişdirilib. Bizdə isə bu baş verməyib”. Şahnazaryan əlavə edib ki, Rusiyanın əsas məqsədi Azərbaycanla əməkdaşlığı genişləndirmək və bölgədə müəyyən məsələlərə nəzarəti ələ almaqdır. Qondarma Dağlıq Qarabağ qurumunun təhlükəsizliyi baxımından Ermənistanın Rusiyanın olduğu qurumlarda təmsilçiliyinə ehtiyacın duyulması məsələsinə toxunan Şahnazaryan bildirib ki, ölkəsi ilə Kremlin maraqları heç vaxt üst-üstə düşməyib.
Siyasi texnoloqlar bildirirlər ki, hərbi hissələrini saxlamaq üçün Rusiya Ermənistandan bir platsdarm kimi istifadə edir. Ermənilər öz problemlərini həll etmək iqtidarında deyillər. Düzdür, bəzi erməni ekspertləri bildirirlər ki, bir çox problemləri yoluna qoymaq üçün qonşu dövlətlərlə normal əlaqələr qurmalıdırlar. Onlar bu minvalla Rusiyanın orbitindən çıxmağı, müstəqil dövlət statusuna sahib olmağı düşünürlər. Hazırda Ermənistan dünyadan təcrid vəziyyətindədir. İrəvanın ümidi İrana idi. Hazırkı durumda Azərbaycan-İran əməkdaşlığının sürətli yüksəlişi bu ümidi də öldürüb. 
İndi ermənilər təhlükəli oyuna giriblər. Onlar Rusiya ilə yanaşı, Qərblə də  sıx əlaqələr qurmaq, başqa sözlə, Rusiyadan qurtarıb Qərbə üz tutmaq istəyirlər. Yəni, bir növ Azərbaycanın balanslı siyasətini əməli olaraq mənimsəmək istəyirlər. Ancaq unudurlar ki, Azərbaycan müstəqil, Ermənistan isə müstəmləkə statusundadır. Bu səbəbdən Ermənistanın yeni cəhdləri “öz ağasının üzünə ağ olmaq” anlamına gəlir və Kremli qəzəbləndirir. Təsadüfi deyil ki, O.Kuznetsovun fikrincə, Rusiya Ermənistandakı vaxtilə olan nüfuzunu itirməyə başlayıb: “Ermənistandakı mövcud vəziyyət Rusiyanın məğlubiyyətidir”. 
Lakin Mockva belə məğlubiyyətlə barışa bilərmi? İndiki vəziyyətdə bu heç cür mümkün olan iş deyil, çünki Ermənistanı Rusiya yaradıb və onun “dadını” hələ tam hiss etməyib. Buna görə də Qərbin sanksiyaları ucbatından iqtisadi məngənəyə düşən Rusiya bu olayı heç cür bağışlamayacaq. Ermənistanın ipini daha tarım çəkəcək və İrəvan olan-qalan ixtiyarını da Kremlə təslim etməli olacaq. 
Ermənilərin həqiqətən müstəqil olmaları üçün atdıqları addım “sol əllə başın üzərindən sağ qulağı qaşımağa” bənzəyir. Belə ki, bu istiqamətdə ən optimal və real yol Ermənistanın Dağlıq Qarabağın işğalından başqalarının, məsələn Rusiyanın məsləhəti ilə yaxud Azərbaycan silahının gücü ilə yox, öz təşəbbüsü ilə imtina etməsidir. Bu halda onun dövlətçiliyini qorumaqla bağlı atdığı addımlar həm Qərb, həm də çarəsiz qalan Rusiya tərəfindən qəbul edilə bilər. Hətta müraciət etsə, Azərbaycan da onun arzularına yaşıl işıq yandıra bilər və iqtisadi inkişafında yardım edər. Amma bu da ermənilərin timsalında problemli görünür. Hər bir halda Ermənistan dövlətçiliyinin öləziməsi, dünya erməniliyinin zəifləməsi artıq obyektiv reallıqdır. 
N.NOVRUZ

Sizin Reklam Yeriniz