Əlaqə Arxiv
news Image
2018.04.07
11:40
| A A A
Azərbaycana böyük valyuta axınını təmin edən üç yeni mühüm sahə
Natiq Cəfərli: “Yaxın gələcəkdə nəqliyyat, aqrar sektor və turizm sahəsi üzrə atılacaq addımlar daha çox həcmdə öz bəhrəsini verməyə başlayacaq”

Fikirlər səslənir ki, nəqliyyat, aqrar, turizm kimi üç mühüm sahə əvvəlki dövrdən fərqli olaraq artıq Azərbaycana valyuta qazandıran mühüm sektoralara çevrilirlər. Son illərin təcrübəsi göstərir ki, həqiqətən də Azərbaycanda sözügedən üç istiqamət üzrə ciddi irəliləyişlər baş verir. Bu irəliləyişlərin nəticəsidir ki, Azərbaycan Şimalla Cənub, Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Ölkəyə gələn turistlərin sayı daim artır. Qarşıdakı dövr ərzində bu sahələrin Azərbaycanın valyuta bazarında mövqelərinin güclənməsinə, iqtisadiyyatını daha böyük sürətlə yüksəlişinə təsirinin daha da artmasını gözləmək olar.   

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, yaxın gələcəkdə sözügedən üç sahədə əldə olunan nailiyyətlər iqtisadiyyatımızın daha da sürətlənməsinə təkan verəcək: “Bilirsiniz ki, əsas nəqliyyatv dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə artıq start verilib. Bu fonda da ölkəmiz dünyanın əsas nəqliyyat qovşağına çevrilir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizinin Azərbaycanda birləşməsi, yeni dəmir yollarının çəkilməsi ölkəmizin nəqliyyatdan gələcəkdə ciddi şəkildə gəlir götürmək imkanlarını artırır. Çünki bu qovşağın işə düşməsilə təkcə tranzit yükdaşımalarından gəlir gəlməyəcək. Həmçinin yerli istehsalçılar da asan yol və başqalarından daha üstün şəkildə dünya bazarlarına çıxış imkanları əldə edəcək. Bu da qurulan nəqliyyat infrastrukturunun nəticəsində mümkün olur. 
Hələlik, yükdaşımaların həcmi o qədər də böyük deyil, amma bir neçə ildən sonra bu həcm artdıqca nəqliyyatdan gələn gəlirlər daha ciddi şəkildə nəzərə çarparaq formada büdcədə öz əksini tapacaq. Turizm sahəsində də ciddi irəliləyişlər var. Bunu gələn turistlərlə bağlı rəqəmlərin artmasından görmək olar. 2017-ci ildə ölkəmizə gələn turistlərin sayında 14-15 faizə qədər artım var. Daxili turizmdə də anoloji vəziyyət yaşanır. Bunun özü də turizm sahəsindən də ölkəyə gələn valyutanın həcminin artmasına rəvac verir. Beynəlxalq turizm agentliyinin hesablamalarına görə, hər bir turist ortalama bir həftə qaldığı ölkədə təxminən min dollara yaxın vəsait xərcləyir. Yəni, turistlərin sayı artdıqca xərclənən vəsaitlərin də həcmi artır. Bunun nəticəsində həm biznes qazanır, həm də dövlət büdcəsinə dolayı yollarla gələn vergilərin həcmi yüksəlir. Bu iki sahə üzrə dediyim kimi, Azərbaycanın perspektivi kifayət qədər genişdir. Yaxın gələcəkdə nəqliyyat və turizm sahəsi üzrə atılan addımlar daha çox həcmdə öz bəhrəsini verməyə başlayacaq. Bir müddətdən sonra ölkənin valyuta gəlirlərinin artımında hər iki sahənin mühüm rolu olacaq. Bununla belə nəqliyyat, turizm və kənd təsərrüfatından nə qədər çox vəsait daxil olsa da, hələlik neft sektorunu tam şəkildə əvəzləyəcək səviyyədə olmayacaq. Azı 5-10 il müddətində enerji sektoru Azərbaycanda aparıcı rolunu saxlamaqda davam edəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz