Əlaqə Arxiv
news Image
2018.04.13
08:00
| A A A
Yeni dəmir yolları hesabına regionlarda turizm daha sürətlə inkişaf edəcək
Vüqar Bayramov: “Dəmir yolu nəqliyyatı turistlər üçün daha cəlbedicidir” Müzəffər Ağakərimov: “Qəbələ və Qusar yaxın rayonlara turistlərin gediş-gəlişi üçün mühüm amil olacaq”

"Azərbaycan Dəmir Yolları" QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb. Bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib. Cavid Qurbanov əlavə edib ki, eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir. 

Ekspertlərin fikrincə, sözügedən ərazilərə dəmir yolu xətlərinin çəkilişi regionların turizm potensilana ciddi təkan vermiş olacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, turizmin inkişafı eyni zamanda nəqliyyatın inkişafı ilə bağldır: “Nəzərə alaq ki, son illər ərzində Azərbaycanda nəqliyyatın sürətli inkişafı müşahidə olunur. Bu da turistlərin ölkə daxilində sərbəst və daha tez hərəkət etməsi baxımından vacib amildir. 
Əvvəllər Azərbaycanda turistik bölgələrə dəmiryolu xətti yox idi. Buna görə də turistlər daha çox quru nəqliyyatından istifadə etməyə üstünlük verirdilər. Lakin nəzərə alaq ki, dəmir yolu nəqliyyatı turistlər üçün daha cəlbedicidir. Dəmir yolu xəttindən istifadə etməklə ölkələrarası turizmdən də yararlanmaq mümkündür. Həmçinin qatar xərcləri digər nəqliyyat növlərinə nisbətən daha ucuzdur. 
Bundan başqa, dəmir yolundan istifadə etməklə yolboyu turistik əraziləri də müşahidə edə biləcəklər. Bunun üçün dəmir yolu xətti boyunca dayanacaqlar müəyyənləşdirilməlidir. Bu zaman turistə dayanacaqlarda həmin ərazilərlə tanış ola bilmək imkanı yaranacaq. Yəni, göstərilən ərazilərə dəmir yolu nəqliyyatının fəaliyyətə başlaması həm daxili turizmin inkişafına təkan verəcək, həm də ölkəyə gələn xarici turistlərin sayına müsbət təsir göstərəcək. Dəmir yolu infrastrukturunun inkişaf etdilməsi həm də real sektorun inkişafına da müsbət təsir göstərəcək. Onu da nəzərə alaq ki, şimal istiqamətinə turistlərin marağı artıb”.

Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov bildirdi ki, dəmir yolu xəttinin istifadəyə verilməsi qatar turizminin inkişafı üçün mühüm təkan olacaq: “Qəbələ və Qusar yaxın rayonlara turistlərin gediş-gəlişi üçün mühüm amil olacaq. Həm də bu iki regionun seçilməsi tam yerində olub. Çünki Qəbələ və Qusar həm yerli, həm də xarici turistlərin ən çox getdiyi bölgələrdir. 
Statistika göstərir ki, xaricdən gələn turistlər Bakıdan sonra ən çox Quba və Qusara üz tuturlar. Ona görə də Quba və Qusar istiqamətində qatarın istifadəyə verilməsi turistlərin gediş-gəlişini asanlaşdıracaq ki, bu da turistlərin sayını artıracaq. Nəzərə alaq ki, qatar kütləvi turizmin inkişafında mühüm rol oynayan elementdir. Ona görə də dəmir yolu xətləri nə qədər tez çəkilərsə, bir o qədər tez bəhrə görəcəyik. Nəticədə Azərbaycan iqtisadiyyatına daxil olan qeyri-neft gəlirləri artmış olacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz