Əlaqə Arxiv
news Image
2018.04.16
11:27
| A A A
Bakıda qaz niyə qəhətə çıxıb?

Həftəsonu Bakının mərkəzində və Bakıətrafı qəsəbələrdə qazın təzyiqi kəskin aşağı düşüb. Hava şəraiti kəskin dəyişdiyindən mavi yanacağa tələbat artsa da, əhali qrupu abonentləri qaz çatışmazlığından əziyyət çəkiblər. Bakının Binəqədi rayonu, Abşeron rayonu, Xırdalan şəhərində, Səbail rayonun Bayıl və Bibiheybət qəsəbələrində mavi yanacağın təzyiqinin kəskin enməsi abonentlərin narazılığına səbəb olub.  

Movqe.az saytı paytaxtda son günlərdə təbii qazın təzyiqinin aşağı düşməsinin səbəbini öyrənmək məqsədilə "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxlayıb. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev  paytaxt ərazisində  əhaliyə verilən təbii qazın təzyiqinin azalmasına aydınlıq gətirib. İ. Kərbalıyev deyib ki, Azərbaycanda havanın temperaturunun kəskin aşağı düşməsi ilə əlaqədar ölkə ərazisində təbii qaz sərfiyyatı artıb, nəticədə “Azəriqaz” İB balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib: " Fərqli ərazilərdə, bəzi fərdi yaşayış evlərində mavi yanacağın verilməsində çətinlik yarandığından şəbəkəyə verilən qazın həcmi artırılıb.  Bütövlükdə götürdükdə təbii qazla təchizatda problem yoxdur. Bu gün də həmin işlər davam etdirilir, tənzimləmə işləri aparılır. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan, qurumun əməkdaşları tərəfindən qazpaylayıcı şkaflarda, qaz tənzimləyicilərində, siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra ölkə ərazisində fərdi şəkildə şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişində ciddi problem yoxdur. Ölkə ərazisində təbii qazın verilişi ilə bağlı aprelin 14-ü ilə aprel ayının 15-ni müqayisə etsək, 14 apreldə ölkə ərazisində təbii qazın verilişi 16 milyon 823 min kubmetr idisə, 15 apreldə artıq bu rəqəm 19 milyon 679 min kubmetr olub. Bu iki gün arasında fərq isə 2 milyon 856 kubmetr olub. Hal-hazırda da tənzimləmə işləri davam etdirilir və hansı ərazilərdə təzyiqlə bağlı çatışmazlıq yaşanırsa, qaz təchizatının texnoloji rejimə uyğun təmin üçün işlər görülür.  Qazın təziqi ilə bağlı problem yaşayanlar isə birliyin çağrı mərkəzinə müraciət edir və problem operativ qaydada öz həllini tapır”.

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz