Əlaqə Arxiv
news Image
2018.05.02
11:00
| A A A
Xidmət sahələri turizmin inkişafına sədd çəkir

Ölkəmizə gələn turistlərin taksi xidməti göstərən sürücülər tərəfindən aldadılması hallarına tez-tez rast gəlinir. Bu günlərdə “Baku Taksi”daşıyıcı şirkətə məxsus və "badımcan taksiləri" kimi tanınan taksilərin sürücülərindən biri çinli turistən gediş haqqının 300 faizini istəyib. Bu barədə çinli turist Eason Janq sosial şəbəkədəki səhifəsində yazıb: “Bakıdakı bu taksi üçün ayıb olsun. Mən "Port Baku"dan Gənclikdəki Abu Arenaya getmək istəmişəm. O, taksometri işə salmayıb, qapıları bağlayıb və məndən 15 manat pul istəyib. Gediş haqqı isə maksimum 5 manat, 189 taksi xidməti ilə hətta 4 manatdır. Sürücü mənə dedi ki, ürəyin istəyirsə lap polisə zəng vur. Yəni, mən 15 manat ödəməsən məni taksidən buraxan deyil."

Vəkil dostuna zəng vuran çinli turist polisə zəng vurmağa xahiş edib. Bunu görən taksi sürücüsü istədiyi məbləği dərhal 10, sonra isə 8 manata endirib.

"Sonda mən 8 manat ödədim və taksini tərk etdim. Lakin bu Formula-1 vaxtı çox pis təcrübə oldu," - deyə turist bildirib.
Qeyd edək ki, ölkəmizə gələn turistlərin aldadılması, onlardan göstərilən xidmət qarşılığında dəfələrlə artıq pul alınması hallarına bir çox xidmət sektorlarında rast gəlinir. Hətta regionlarda restoranlarda əcnəbi turistlərdən fantastik məbləğ tələb olunması ilə bağlı məlumatlar da var. Turizmin inkişaf etdiyi bölgələrdə restoranlarda menyularda qiymətlərin göstərilməməsi bu sektorda çalışanların işinə yarayır. Onlar yerli turistlərə təklif etdikləri yemək və içkilərə dəyərindən dəfələrlə artıq qiymət “oxuyurlar”. Hətta bölgələrdəki istirahət mərkəzlərində də gecələmək üçün əcnəbi turistlərə fərqli qiymətə yerlərin təklif edildiyi haqda məlumatlar var.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bu cür halların ölkəmizin imicinə xələl gətirdiyini, turistlərin ölkəmizə gəlməsi üçün aparılan işlərə kölgə saldığını bildirir. Onun sözlərinə görə,  turistlərə xidmət göstərən sahələrin rəhbərlərinin toplantı keçirməsinə, protokol tətbiq etməsinə ehtiyac olduğunu söyləyir. M. Ağakərimov deyir ki, turistlərin aldadılması ölkənin simasına ləkə gətirir: “Turistlərdə təkcə onları aldadan şəxs haqqında yox, ölkəmiz haqqında mənfi təəssürat yaranır. Biz maarifləndirici işlər aparmalıyıq ki, bu cür mənfi hallar baş verməsin. Ölkəmizdə turizmin inkişafı üçün gözəl infrastruktur yaranıb. Otellər inşa edilib, turizm sahəsində lisenziya aradan qaldırılıb. Amma bir problem ondadır ki, mənəviyyat məsələsi unudulub. Ona görə də turistlərə xidmət sektorlarında təcili maarifləndirmə işlərinə başlanılmalıdır. Bunun üçün də turizm üzrə dövlət qurumları, eləcə də QHT-lər işlər görməli, turistləri aldadan şəxslər qara siyahıya salınmalıdır ki, onlar turizmlər bağlı sahələrdə çalışa bilməsin. Belə insanlar bizi biyabır edirlər. Bu məsələlərə soyuq, biganə yanaşmaq olmaz. İctimaiyyə də bu hallara mənfi münasibət göstərdi. Azərbaycan xalqı qonaqpərvər xalqdır. Bizim xalqın adına belə hərəkətlər yanaşmaz. Biz dünyada qonaqpərvər xalq kimi tanınırıq. Bir-iki adamın neqativ davranışı bütünlükdə xalqın adına ləkə gətirir. Bizim məqsədimiz ölkəmizə gələn turistlərdə Azərbaycanla bağlı xoş təəssürat yaratmaqdır ki, ölkəmizə turist axını davamlı olsun. Amma bu cür hallar ölkəmizə turist axınının nəinki davamlı olmasın, digər turistlərin də Azərbaycana gəlişinə bir maneə yaradır. Unutmaq lazım deyil ki, ölkəmizə gələn hər bir turist Azərbaycandan gedəndən sonra ətrafındakı insanların turist kimi bizim ölkəyə üz tutmasına vəsilə olur. Əgər bu gün Azərbaycanda hər hansı xidmət sahəsində əcnəbi turist aldadılırsa, o bizim ölkəmiz haqqında heç vaxt öz vətənində müsbət fikir söyləyə bilməz. Buna görə də, bu məsələni ciddiyə almağın vaxtı çatıb. Restoranlarda qiymətlər menyuda öz əksini tapmalıdır. Fürsətcil insanlar bu sahədən uzaqlaşdırılmalıdır ki, Azərbaycana gələn turistlər istirahət üçün yenidən bizim ölkəni seçsinlər”.
Ekspert restoranlarda menyuların tərtib olunmasının, dəqiq qiymətlərin göstərilməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, ən ucqar turizm obyektlərində belə xidmət haqları menyuda əks olunmalıdır: “Əcnəbi ilə yerli turistə fərq qoyulması biyabırçılıqdır. Dünyanın heç yerində daxili turistlə xarici turist fərqləndirilmir. Əksinə, xarici turistlərə daha çox diqqət göstərilir ki, onlar ölkədən məmnun getsinlər. Bizdə reallaşdırılan beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların məqsədi xaricdən turist cəlb etməyə hesablanıb. Çalışmalıyıq ki, bir-iki insanın neqativ davranışı bu işlərə kölgə salmasın”.

Zülfiyyə QULUYEVA    
   

 

Sizin Reklam Yeriniz