Əlaqə Arxiv
news Image
2018.05.05
12:00
| A A A
Dərman təhlükəsinin qarşısı qəfil yoxlamalarla alınacaq
Adil Qeybulla: “Azərbaycanda dövlət reyesterində olmayan dərman prepartlarının satışı qəti qadağandır” Eyyub Hüseynov: “Xəbərdarlıq edilmədən yoxlamaların keçirilməsini çox vacib”

Məlumdur ki, bir neçə gün əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi illərdir, Azərbaycana xaricdən saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal edib satışını təşkil edən, nəticədə əhalinin sağlamlığına təhdid yaradan şəbəkəni həbs etdi. Bu hadisədən sonra qəbul etdiyimiz dərmanların keyfiyyəti cəmiyyətdə ən çox müzakirə olunan mövzuya çevrilib. Bununla bağlı müxtəlif təkliflər irəli sürülməkdədir. Məsələn, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov obyektlərdə yoxlamaların xəbərdarlıqsız aparılmasını təklif edir. 

P.Əzizbəyov qeyd edib ki, nazirlik hazırda plandankənar yoxlamalar apara bilmir: “Qanunvericiliyə əsasən plandankənar yoxlamalar yalnız şikayətlər, KİV-də gedən məlumatlar, o cümlədən dövlət orqanlarının müraciəti əsasında aparılır. Gələcəkdə yoxlamalarla bağlı qanunvericilikdə dəyişikliklər edilsə, yaxşı olar. Hazırda aparılan yoxlamaların effekti olmur, çünki yoxlama gedərkən xəbərdarlıq edilir, sonra yoxlamalara başlanılır. Bu müddətdə də sahibkar müvafiq tədbirlər görür, ona görə də obyektə gedəndə nəticə olmur. Bununla bağlı Səhiyyə Nazirliyi də təkliflər hazırlayacaq ki, yoxlamalar xəbərdarlıqsız həyata keçirilsin".
Ekspertlərin fikrincə, bu təklif reallaşarsa, ölkədə keyfiyyətsiz dərman problemini qismən həll etmək olar. Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, dərman preparatlarında   yoxlamaların aparılması mütləqdir: “Ancaq bu yoxlamalar necə olmalıdır? Yoxlamalar sahibkarı bezdirən formada həyata keçirilməməlidir. Yaxşı olardı ki, dərman maddələri ölkəyə daxil olan zaman onlardan nümunələr götürülüb yoxlanılsın. 
Eyni zamanda nəzərə alaq ki, Azərbaycanda dövlət reyesterində olmayan dərman prepartlarının satışı qəti qadağandır. Dərmanlar ilk növbədə qeydiyyata düşməlidir. Yəni, bundan dövlətin, əhalinin xəbəri olmalıdır. Ondan sonra dərman satışa buraxıla bilər. Azərbaycan da dünyanın getdiyi yolla getməlidir”.
Azad İstehlakçıalr Birliyinin sədri Eyyub Hüseynov isə xəbərdarlıq edilmədən yoxlamaların keçirilməsini çox vacib hesab edir: “Bizim təşkilatımız 8 ay öncə qaçaqmal, keyfiyyətsiz, hətta bəzən də narkomanların istifadə etdiyi göz üçün damcıların gətirilməsi ilə bağlı məlumatlar əldə etmişdi. Biz də müvafiq qurumlara məlumatlar verdik. Əhalidən gələn informasiya əsasında onların hətta deposunu da müəyyən etdik. Bizdə olan məlumata görə artıq həmin şəxslər həbs olunublar. Lakin bu problem qalmaqda davam edir. Çünki qaçaqmal işi ilə məşcul olan insan qrupu var. Ona görə də ilk növbədə gömrük orqanları diqqətli olmalıdırlar. 
Bizə qaçaq parfümeriya malları üzrə də artıq şikayət daxil olub. Yəni, bazarda dərman sektoru da daxil olmaqla müəyyən sahələrdə qaçaqmal problemi qalmaqdadır. Ona görə də Pərviz Əzizbəyovun fikri ilə razıyıq. Yoxlama prosesinin belə liberal olması, əvvəlcədən xəbər verilməsi əhəmiyyətsiz yoxlamadır. Burada mütləq vəziyyət dəyişməlidir. Ona görə də yeni yaradılmış İstehlak Bazarına Nəzakət qurumundan böyük işlər gözləyirik. Bu qurumun effektiv işləyəcəyinə ümid edirik. Lakin birbaşa istehlakçı hüquqlarını qoruyan dövlət orqanı da yaradılmalıdır. Bu sahədə problemi həll etmək üçün cəld yoxlama mexanizmi işə düşməlidir. Hazırda vəziyyət elədir ki, heç bir dövlət orqanı təhlükəli məhsulun satışının qarşısını anındaca ala bilmir. Nəticədə on dəqiqə sonra həmin təhlükəli məhsul süfrələrdə yer alır. Bu vəziyyətdən isə biznes qurumları süi-istifadə edirlər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz