Əlaqə Arxiv
news Image
2018.05.07
15:32
| A A A
Çimərliklərlə bağlı təhlükə-Mövsümü vaxtından tez açan çimərliklərdə...

Havaların isti keçməsi ilə əlaqədar ötən həftədən etibarən bəzi çimərliklər öz qapılarını müştərilərin üzünə açıb. Novxanı və Bilgəhdəki çimərliklərin bəzilərində havanın xoş keçməsindən faydalanıb dənizin keyfini çıxardanlara da rast gəlinib. Facebook və instaqram istifadəçilərinin sosial şəbəkələrdəki hesablarında çimərliklərdə istirahətdən çəkib paylaşdıqları fotolar ötən həftə dənizdə istirahət edənlərin heç də az olmadığını təsdiqləyir. Çimərliklər havaların isti keçməsi ilə bağlı mövsümü əvvəlki illərdən tez açsalar da, çimərliklərdəki iaşə obyektlərinin mövsümə tam hazır olmadığı açıq şəkildə görünüb. Belə ki, ötən həftə insanların istirahət etdiyi, çimdiyi çimərliklərin çoxunda xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı dəmir lövhələr hələki quraşdırılmayıb. Bundan əlavə, baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərdə xilasedicilərə də rast gəlinməyib. Adətən çimərlik mövsümündə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları növbə çəksə də, vaxtından tez fəaliyyətə başlayan çimərliklərin ətrafında təcili və təxirəsalınmaz tibbi yardım maşınları da gözə dəyməyib. Qeyd edək ki, hər il çimərlik mövsümü başlamazdan öncə dəniz suyundan götürülən nümunələr bakterioloji çirklənmə səviyyəsinə görə yoxlanılır. Yalnız sanitar-gigiyenik normaya uyğun çimərliklərdə əhalinin çimməsinə icazə verilir. Bakterioloji çirklənmə səviyyəsi normadan artıq olan çimərliklər barədə ictimaiyyətə məlumat verilir. 
Bəs görəsən çimərlik mövsümünün vaxtından tez başlaması hansı problemlərə səbəb ola bilər?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Movqe.az-a açıqlamasında bildirib ki, çimərlik mövsümünün vaxtından tez başlaması ilə bağlı onlarda məlumat olmadığını bildirdi: “Xəzər dənizində insanlar ilin on iki ayında istirahət edə bilərlər. Amma çimərliklər mövsümü adətən iyun ayının 15-dən açıq elan edirlər. Biz də dənizdə suyun temperaturu 18 dərəcə olduqdan sonra müayinələrə başlayırıq. Hələki dənizdə suyun temperaturu 18 dərəcə deyil”. 

Z. Kazımov bildirib ki, çimərliklərində hər il dəniz suyundan götürülən nümunələrdə bakterioloji çirklənmə səviyyəsi yoxlanılır: “Biz hələki çimərlik ərazilərində monitorinq aparmamışıq. Amma bu istiqamətdə hazırlıq aparılır. Monitorinq aparmaq üçün ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq göstərişi ilə hansı ərazilərdə çimərlik təşkil olunacağına dair sənəd təsdiqlənməlidir. Ərazilər müəyyənləşdikdən sonra biz dəniz suyundan nümunələr götürərərək çimərliklərdə bakterioloji çirklənmə səviyyəsini yoxlayacağıq. Analizlərin nəticələri sanitar-gigiyenik normaya uyğun çimərliklərdə əhalinin çimməyinə icazə veriləcək. Bunun üçün ilk növbədə ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı monitorinq keçirilməlidir”.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə mövsüm rəsmi açılmamış təcili tibbi yardım briqadalarının çimərlik ərazilərinə təhkim edilməsinin mümkün olmadığını bildirdi. Onun sözlərinə görə, çimərlik mövsümü rəsmi açıldıqdan, çimərlik əraziləri ilə bağlı onlara siyahı təqdim edildikdən sonra həmin çimərliklərə təcili və təxirəsalınmaz yardım briqadaları təhkim olunur. Həmin briqadalar növbəli şəkildə axşam saatlarınadək çimərliklərə gələnlərə xidmət edirlər. 
Apardığımız kiçik araşdırmadan bəlli oldu ki, çimərliklər mövsümü açsalar da, hələki aidiyyatı qurumlar çimərliklərlə bağlı lazımi işləri həyata keçirmək üçün iyun ayının 15-ni, çimərlik mövsümünün rəsmi açılmasını gözləyirlər.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz