Əlaqə Arxiv
news Image
2018.05.14
12:11
| A A A
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi Murmanskda qeyd edilib

Qəhrəman şəhər Murmanskda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə “Azərbaycan” milli-mədəni muxtariyyətinin Murmansk şurasının, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin üzvləri, şəhər ictimaiyyətinin və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan kitablar və AZƏRTAC-ın materialları paylanılıb.

İclasda çıxış edən "Azərbaycan" milli-mədəni muxtariyyətinin Murmanskdakı sədri, regionun İctimai Palatasının üzvü Afil Hüseynov Azərbaycan və Rusiyanın tarixində Heydər Əliyevin rolundan danışıb. O vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri var.

Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, sarsılmaz inamı və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın müstəqillik haqqında arzularının həyata keçirilməsinə nail olub. Azərbaycanın dünya miqyasında neft-qaz hasil edən və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələr bağlanılması, müasir tələblərə cavab verən enerji-nəqliyyat infrastrukturunun yaradılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri ilə neftin şaxələndirilmiş nəqli Heydər Əliyevin xidmətləridir.

A.Hüseynov, həmçinin qeyd edib ki, Azərbaycan diasporunun əsası Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların azərbaycançılıq ideyasının ətrafında sıx birləşməsi Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.

Murmanskda fəaliyyət göstərən "Azərbaycan" milli-mədəni muxtariyyətinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, tədbirdə Azərbaycan diasporunun üzvləri çıxış ediblər.

Onlar vurğulayıblar ki, Ümummilli Lider qısa müddətdə Azərbaycanı iqtisadi və mədəni tərəqqiyə nail olan, xarici investisiyalar üçün açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bilib.

Tədbirə toplaşanların diqqətinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitablar, albomlar, fotoşəkillər təqdim edilib.

Tədbirin sonunda Heydər Əliyev haqqında film nümayiş olunub.
Murmansk, Rusiya Federasiyası.

Sizin Reklam Yeriniz