Əlaqə Arxiv
news Image
2018.05.14
12:23
| A A A
Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı: Sakitlik olsa da, 10-15 ildən sonra sürüşmə baş verə bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatları mayın sonunda yekunlaşdırmağı nəzərdə tutur.

Movqe.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, tədqiqatların nəticələri ilə bağlı hazırladıqları hesabatları iyunda aidiyyəti dövlət qurumlarına və Nazirlər Kabinetinə təqdim edəcəklər.

Ə.Qaralov qeyd edib ki, hesabatda prosesin baş vermə səbəbləri, prosesin baş vermə dərinliyi, müstəvisi, ərazidə gələcəkdə gözlənilə bilən proseslər və s. barədə müfəssəl məlumatlar öz əksini tapacaq.

 

Nazirlik rəsmisi hazırda Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyətin stabil olduğunu da açıqlayıb: “Ərazidə gündəlik müşahidələr aparılır, tədqiqatlar davam edir. Ərazidə heç bir dəyişiklik müşahidə edilmir. Lakin biz bu gün “ərazidə heç nə yoxdur” desək də, orada 10-15 ildən sonra yenidən sürüşmə baş verə bilər. Çünki bura sürüşməyə meylli ərazidir, burada hər an sürüşmə baş verə bilər. Bayıl yamacında sürüşmənin baş verməsi yeni hadisə deyil. Hələ 2003-cü ildə coğrafi koodinatlarını da göstərməklə həmin yeri təhlükəli ərazi kimi Nazirlər Kabinetinə təqdim etmişik”.

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılıb.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Sizin Reklam Yeriniz