Əlaqə Arxiv
news Image
2018.05.14
16:24
| A A A
Heydər Əliyevin anadan olmasının 95 illiyi Ulyanovskda geniş qeyd edilib

Mayın 10-da bütün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 iliyini qeyd etdi. Bu görkəmli şəxsiyyətin müasir Azərbaycan tarixinə verdiyi töhfəni lazımınca qiymətləndirmək çətindir: o, yeni dövlətçiliyin təməlini qoyub, ölkənin daxili və xarici siyasət vektorunu neçə illər qabaqcadan müəyyən edib. Rusiyada yaşayan azərbaycanlılar Heydər Əliyevi xüsusi səmimiyyətlə xatırlayırlar. Lakin bu sözlər təkcə onlara aid deyil. Axı Heydər Əliyev uzun müddət Sovet İttifaqının siyasi liderlərindən biri olub, 1990-cı illərin sonunda – 2000-ci illərin əvvəlində isə o, Azərbaycanın prezidenti kimi, Rusiya ilə Azərbaycanın çoxillik ortaq tarixinə əsaslanan maksimum yaxınlaşma kursunu əsas götürüb.

Ulyanovsklu jurnalist Yevgeni Karmanovun AZƏRTAC-a daxil olmuş məqaləsində bu barədə bəhs edilir.

Materialda qeyd edilir ki, Ulyanovskda bir neçə gün davam edən yubiley şənlikləri çox rəngarəng keçib. Müəllif yazır:

İslam Hüseynovun başçılıq etdiyi “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” (URAMMM) 78 nömrəli orta məktəbin kollektivi ilə birlikdə silsilə tədbirlər hazırlayıb. Bu tədbirlərdən birincisi – tematik sərgi açılışı mayın 3-də start götürüb. Proqramda həmçinin Heydər Əliyevə həsr edilmiş “Müstəqillik yolu qədər çətin yol yoxdur” və “Heydər Əliyev Azərbaycanın milli qəhrəmanıdır” filmlərinə baxış, “Rusiya və Azərbaycan - əbədi dostluq” rəsm müsabiqəsi, “Heydər Əliyevin həyatından” adlı viktorina, “Heydər Əliyev Azərbaycanın şanlı oğludur” mövzusunda sinif saatı, Heydər Əliyev adına meydanda abadlıq işləri üzrə əmək desantı və onun şərəfinə idman yarışları nəzərdə tutulmuşdu. Bayram şənliyi ilə bağlı əsas hadisə - Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulması və onun xatirəsinə həsr edilmiş konsert isə mayın 10-da keçirildi.

URAMMM fəalları, Ulyanovsk vilayətinin və Ulyanovsk şəhərinin rəsmi nümayəndələri, həmçinin məktəblilər və onların hami-tərbiyəçiləri Azərbaycan xalqının ümummilli liderinin abidəsinin ətrafında toplaşmışdılar. Vətənpərvərlik mövzusunda mahnılar səsləndi. Bu mahnıların çoxu yenicə qeyd olunmuş Qələbə Gününə həsr edilmişdi.

Yubiley şərəfinə rus və Azərbaycan dillərində mahnılar və şeirlər səsləndi. “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” qurumunun sədri İslam Hüseynov tədbir iştirakçıları qarşısında çıxış etdi. O dedi:

-Vaxtılə Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin ölkələrimiz arasında münasibətlərin bütün variantlarını saf-çürük edərək maksimum yaxın və maksimum dostcasına format seçdilər. İki lider arasında razılaşmalar bu gün də dövlətlərarası əlaqələri və ölkələrimiz daxilində diasporların vəziyyətini müəyyən edir. Həmin razılaşmalar bu gün də qüvvədədir.

Monumentin önünə tər çiçəklər qoyulması mərasimində Ulyanovsk vilayət qubernatoru administrasiyasının daxili siyasət idarəsinin rəisi Sergey Paxovski, Zasviyajski rayonunun başçısı Mixail Morozov, Ulyanovsk vilayəti milli diasporlarının sədrləri iştirak etdilər. Sonra mərasimin iştirakçıları və qonaqlar 78 nömrəli orta məktəbin akt zalına keçdilər. Məktəblilərin hazırladığı konsert proqramında Heydər Əliyevin həyatından bəhs edən fotooçerklər mahnı və rəqs nömrələri ilə növbələşirdi. Mədəniyyətin qorunub saxlanması və inkişafı üzrə “Russkiy dom” Ulyanovsk regional ictimai təşkilatının sədri Tamara Kulyabina və Prezident Vladimir Putinin vəkili Aleksey Sitnikov tamaşaçılar qarşısında çıxış etdilər. “Vesnuşki” məktəb kollektivinin ifasında “Cücələrim” uşaq rəqsi azərbaycanlı tamaşaçıların qəlbini riqqətə gətirdi, ingilis, rus və Azərbaycan dillərində səslənən “Qoy həmişə günəş olsun” mahnısı isə tədbirin birləşdirici finalı oldu.

Bayram tədbirlərinin sonunda URAMMM-in himayəsi ilə “Heydər” idman təknövçülüyü klubunun açılışı oldu. Bu layihə üzərində URAMMM-in fəal üzvləri - Pərviz Mahmudov, Amit və Ələkbər Qəhrəmanov qardaşları xüsusi fəallıq göstəriblər. “Novoye pokoleniye” idman kompleksində qarışıq təknövçülük üzrə on döyüş keçirildi.

Sizin Reklam Yeriniz