Əlaqə Arxiv
news Image
2018.05.15
08:00
| A A A
Yerli avtomobillərə tələb artacaq
Vüqar Oruc: “Yaxşı olardı ki, avtomobil hissələri də ölkəmizdə istehsal edilsin”

Avtomobil bazarında qiymətlər artmaqda davam edir.  Hətta bəzi avtomobillərin qiymətində 35 faiz çoxalma var. Bahalaşma həm yeni, həm də köhnə avtomobillərdə müşahidə edilir. Mütəxəssislərin sözlərinə görə, bazarda yaranmış vəziyyət gömrük rüsumlarının artırılması ilə əlaqədardır. Ancaq yerli avtomobil istehsalının prosesə əks təsir göstərə bilər. Bunun üçün isə yerli istehsal səviyyəsi artırılmalıdır. 

"Koneko" Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki, avtomobil bazarında qiymətlərin bahalaşmasında artırılan gömrük rüsumlarının xüsusi rolu var: “Nəzərə alaq ki, 2018-ci il yanvarın 1-dən etibarən gömrük rüsumları arıtırlıb. Düzdür bu, bir tərəfdən yerli avtomobillərə “yaşıl” işıq yandırmaq deməkdir. Çünki xaricdən gələn avtomobillər baha olarsa, avtomobil almaq istəyən şəxsin yerli maşına üz tutma ehtimalı böyükdür. Lakin onu da nəzərə alaq ki, hələ yerli avtomobillərin keyfiyyət standartları xaricdən gətirilmiş avtomobillərlə rəqabət aparmaq gücündə deyil. Əksər parametrlər baxımından xarici avtomobillər yerli avtomobilləri üstələyir. Ona görə də daxildə istehsalı gücləndirmək istiqamətində addımlar atılmalıdır. Bununla da həm yeni iş yerləri yaradılar, həm də əsl yerli istehsaldan danışmaq olar. 
Eyni zamanda xaricdən gətirilən avtomobilləri də gömrük rüsumlarından azad etmək lazımdır. Düzdür, gömrük rüsumlarının yüksək olması büdcəyə daha çox vəsaitin daxil olmasına şərait yaradır və yerli avtomobillərə marağı artırır. Ancaq digər tərəfdən isə insanların xaricdən avtomobil gətirmək imkanlarını məhdudlaşdırır. Bundan başqa, yerli avtomobillərlə xarici brendlər arasında rəqabət yaranmır”.
Ekspert əlavə etdi ki, yerli istehsal bazara maya dəyəri idxal edilən avtomobillərdən daha ucuz başa gələrsə, təsir göstərir: “Bizdə isə nəzərə alaq ki, avtomobillərin ehtiyat hissələri xaricdən gətirilir və burada yığılır. Bu baxımdan da sonda bir qədər bahalı məhsul meydana çıxır. Bununla da yerli avtomobillərin qiyməti xarici avtomobillərin qiymətindən fərqlənmir. Ona görə yaxşı olardı ki, avtomobil hissələri də ölkəmizdə istehsal edilsin. Belə olduğu halda yerli avtomobilin maya dəyəri də ucuzlaşar. Lakin hazırda Azərbaycanda avtomobil istehsal olunmur, yığılır. Buna görə də, daxili bazarda rəqabətdə yerli avtomobillər xarici modellərə uduzur. Amma bu problemi də ancaq yerli istehsalın keyfiyyətini artırmaqla həll etmək olar. Elə bazar yaratmalıyıq ki, yerli avtomobillər xarici avtomobillərlə rəqabət apara bilsin. Bu rəqabəti də inzibati şəkildə yox, daxili istehsalı gücləndirmək formasında etməliyik”.
Vüqar Orucovun fikrincə, mövcud şəraitda avtomobillərin bahalaşması davam edəcək: “Çünki bazarda avtomobil qiymətləri xarici valyuta ilə tənzimlənir. Adətən avtomobillər dolların manatla ifadəsi ilə satılır. Dolların isə indiki hald aşağı düşmə ehtimalı proqnoz edilmir. Nəzərə alaq ki, qonşu ölkələrdə dollar bahalaşmaqdadır. Bu baxımdan yaxın müddət ərzində avtomobil bazarında qiymətlərin artımını gözləmək olar. Amma təəsüf ki, avtomobillərin qiyməti artsa da, bazarda hərəkətlilik müşahidə edilmir, alqı-satqı halları çox azdır. Bütün bunlara baxmayaraq, yerli istehsal səviyyəsi yüksələrsə, avtomobil bazarında canlanma yaranar. Amma bazarda yalnız yerli avtomobillər də olmamalıdır. Əslində, xarici avtomobillərin daxil olmasına şərait yaradılmalıdır ki, yerli avtomobillərlə təbii rəqabət formalaşsın”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz