Əlaqə Arxiv
news Image
2018.05.23
09:00
| A A A
Qeyri-qanuni məşğulluğun leqallaşdırılması cəmiyyətin sosial tələbatıdır
Qanunlardan yayınaraq vergi ödəmədən muzdlu əməkdən istifadə əməkçilərin özlərinə ziyandır

“Qeyri-qanuni məşğulluğun aradan qaldırılması üzrə işlər davam etdiriləcək”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir qeyd edib ki, Azərbaycan ötən illər ərzində məşğullun təmin olunması və əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm uğurlar əldə edib. Qısa müddət ərzində Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsini azaltmağı və əməkhaqlarını artırmağı bacarıb: “Son 15 il ərzində ölkə ÜDM-i 3,2 dəfə artıb. Minimal əməkhaqqı 5,2 dəfə, orta əməkhaqqı isə 6,6 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizədək azalıb. Bundan başqa, işsizliyin səviyyəsi 5 faizədək azalıb. Göstərilən dövrdə Azərbaycana 230 milyard dollardan çox investisiya yatırılıb, bunun da təqribən yarısı xarici sərmayələrin payına düşür”.

Ümumiyyətlə, hər hansı ölkənin əmək bazarında qanunçuluq möhkəm olduqca əhalinin sosial tələbatının ödənilməsi layihələri daha asan, çevik və mükəmməl həyata keçirilir. Çünki, Azərbaycan kimi sosial mahiyyətli dövlətlərdə başlıca prinsip vətəndaşların rifah halının yüksəlsilməsidir. Bunun üçünsə mütləq dəqiq uçot-hesabat sistemi olmalıdır. Bu da öz növbəsində qanunun tələblərinin yerinə yetirilməsi hesabına mümkündür. Lakin bu, heç də sözdə deyildiyi kimi asan məsələ deyil. Çünki, sahibkarlıqla məşğul olanlar daim öz gəlirlərini qorumağa çalışırlar. Bu səbəbdən də “gizli mühasibatlıq” deyilən formadan istifadə edirlər. Nəticədə bir nəfər qazanırsa, yüzlərlə qeyri-qanuni işləyən əməkçi sosial hüquqlarından məhrum olur. Üstəlik, büdcəyə daxil olacaq vəsait də sahibkarlar tərəfindən mənimsənilir. Əslində, bu vəsaitin mənimsənilməsi də hökumətin sosial layihələr paketinin zəiflədilməsinə təsir edir. 
Leqal iş üçün Azərbaycanda qanunvericilik bazası kifayət qədər sadə və aydındır. Bu, özəl sahibkarlıqla məşğul olan və ya muzdla çalışan işçilərə qanuni iş üçün gözəl imkan yaradır. Ancaq əhalinin maarifləndirilməsi işi lazımı səviyyədə olmadığından və bəzən də işçinin özünün bu məsələyə səhlənkar yanaşması ucbatından qanunlar, başlıcası isə insanların sosial hüquqları pozulur. 
İşin mahiyyəti elədir ki, həyatın mürəkkəbliyi və məşğulluq məsələsinin rəngarəngliyi səbəbincə dünyada elə bir dövlət tapmaq mümkün deyil ki, həmin dövlətdə əmək qanunvericiliyi nöqtəbənöqtə cəmiyyətin bütün üzvləri tərəfindən tam yerinə yetirilsin. Ən inkişaf etmiş qanunpərəst əhaliyə malik ölkələrdə belə bu sahədə nöqsanlar var. Yəni, əmək münasibətlərinin ideal strukturu hələ ki, dünyada bərqərar olmayıb. Amma qanunlara əməl olunmasının faizlə aşağı-yuxarı limitləri var. Hazırda Avropanın şərabçılıqla məşğul olan ölkələrində miqrantların əməyindən qeyri-qanuni istifadə halları geniş yayılıb. Vergidən yayınmaq üçün həmin günəmuzd işçilər əmək müqaviləsi bağlanmadan işlədilir. Bu xatırlatmaqda məqsəd qeyri-qanuni məşğulluğa haqq qazandırmaq deyil. Sadəcə, bildirməkdir ki, belə faktlara qanunvericiliyin yüksək səviyyədə təmin olunduğu ölkələrdə də rast gəlmək mümkündür. Amma həmin ölkələrdə bu, yalnız mövsümü işlərə aiddir. Başqa kiçik nüanslar da var ki, buna toxunmaq artıq işdir. Amma bizdə bu sahədə vəziyyət daha ciddidir. On minlərlə azərbaycanlı əmək müqaviləsi bağlamadan işləyir və bunu normal hal sayır. Artıq bir neçə ildir ki, hökumət bu sahədə vəziyyəti düzəltmək üçün tədbirlər görür, müvafiq strukturların məsuliyyətini artırır və etiraf etmək lazımdır ki, nəticə də əldə edilir. İşləyən əhali qanuni işləməyin səfasını görür. Məzuniyyətə çıxa bilir, pensiya təminatını yaxşılaşdırır, idarə rəhbərliyindən mükafat-filan almağı stimullaşdırır. Lakin bu hələ başlanğıcdır. Bu sahədə nöqsanlar qalır. Xüsusilə, tikinti və mövsümü kənd təsərrüfatı işlərində, özəl müəssisələrdə qanunun tələbləri istənilən səviyyədə qorunmur. Büdcə milyonları, insanlar isə hüquqlarını itirir. Bu mənada Əmək və Sosial Müdafiə Nazirliyinin qeyri-qanuni məşğulluğa qarşı mübarizəni gücləndirməsi vacib məsələdir və bu günün reallıqları ilə uzlaşır.
N.NOVRUZ     

 

Sizin Reklam Yeriniz