Əlaqə Arxiv
news Image
2018.05.24
10:10
| A A A
Əhalinin artım tempi yeni iş yerlərinin yaradılmasını intensivlşədirir
Natiq Cəfərli: “Bu sahənin yaxşı planlaşdırılmasına və planlı şəkildə addımların atılmasına ehtiyac var” Vüqar Bayramov: “Neftin dünya bazarında qiymətinin yüksək olması, ölkəyə daxil olan vəsaitlərin həcminin artımı ildə 100 minlik iş yerinin yaradılmasına imkan verir”

Hər il əhalinin 1,2 faizə qədər artması 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir. Bunu baş nazirin müavini Əli Əhmədov bildirib. Azərbaycanın imkan və potensialı bu missyanın öhdəsindən nə dərəcədə gəlməyə imkan verir?

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edir: “Bu sahənin yaxşı planlaşdırılmasına və planlı şəkildə addımların atılmasına ehtiyac vardır. İkinci bir tərəfdən, açılan iş yerləri dayanıqlı və uzun müddətli olmalıdır. Son zamanlar ən çox iş yeri tikinti, təmir sektoru və müxtəlif layihələrin həyata keçirilməsi zamanı açılır. Belədə layihənin başa çatması ilə növbəti layihələrə qədər həmin iş yerləri bağlanır. 
Yüksək səviyyəli mütəxəssislərlə bağlı problem də aradan qaldırılmalıdır. İxtisaslaşma və mütəxəssislərin yetişdirilməsi hələ də problem olaraq qalır. Kənd təsərrüfatını əmək bazarına kömək kimi görmələri də doğru yanaşma deyil. Çünki kənd təsərrüfatında əl əməyindən nə qədər az istifadə olunacaqsa, bir o qədər çox rentabelli olacaq. Ona görə kənd təsərrüfatını birbaşa iş yeri yaradan faktor kimi qəbul etmək uzun müddətli fonda inkişafa problem yarada bilər. 
Ona görə gələcəkdə də yeni iş yerlərilə bağlı tələbatımız çox olacaq. Doğrudan da əhali artımı mövcud surətlə getsə, hər il 100-120 minlik yeni, özü də dayanıqlı və uzun müddətli iş yerlərinin yaranmasına ehtiyac var”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Azərbaycanın imkan və potensialı ildə 100 minlik iş yeri yaratmaq gücündədir: “Yeni yaradılan iş yerlərinin sayı birbaşa əhalinin təbii artımı ilə əlaqədardır. Azərbaycan əhalisinin təbii artımı yüksək olduğundan, nəticə etibarı ilə hər il yeni iş yerlərinin yaradılmasına tələbin yüksəlməsi müşahidə edilir. 
Azərbaycanın hazırkı iqtisadi potensialı ildə 100 min iş yerinin yaradılmasına imkan verir. Neftin dünya bazarında qiymətinin yüksək olması, ölkəyə daxil olan vəsaitlərin həcminin artımı buna imkan verir. Həmin vəsaitlərin əhəmiyyətli hissəsi də strateji valyuta ehtiyatı kimi qorunur. Bu da imkan verir ki, həmin vəsaitlərlə gələcəkdə real sektora investisiya həyata keçirilə bilsin. 2018-ci ildə ötən illə müqayisədə büdcə xərcləri 3 milyard manat artıb. Bu  da büdcədən daha çox vəsaitin ayrılması anlamına gəlir. Belə vəziyyətin özü də iş yeri yaradan layihələrin maliyyələşməsinə imkan yaradır. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəticədə həmin sahədə də daha çox iş yerlərinin yaradılmasına gətirib çıxarır. O baxımdan mövcud potensial, qeyri-neft sektorunun indiki vəziyyəti, ölkəyə daxil olan vəsaitin həcminin artdığını nəzərə alsaq, Azərbaycan bir ilə 100 minlik yeni iş yeri yaratmaq imkanına malikdir. Güman edirəm ki, mövcud iqtisadi potensialdan istifadə etməklə təbii ki, əmək bazarında mövcud olan həmin balansın qorunub saxlanılması realdır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz