Əlaqə Arxiv
news Image
2018.05.25
09:15
| A A A
Fırıldaqçı psixoloqlar
Tariyel Faziloğlu: “Bunun birinci səbəbi odur ki, psixologiya fakültəsini bitirən tələbələrin əksəriyyəti keçmiş nəzəriyyədən kənara çıxmırlar” Elnur Rüstəmov: “İnsanlarda da psixoloji gərginlik əvvəlki illərə nisbətən çoxdur”

"Azərbaycanda psixoloji yardımın səviyyəsi çox aşağıdır. Bu xidmət, demək olar ki, yoxdur. Psixoloji yardımı göstərən axtarıb tapsaq, görəcəyik ki, savadı yoxdur, ya da ekstrasensdir”. Bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 

Komitə sədri qeyd edib ki, psixoloji yardımla bağlı problem aradan qaldırılmalıdır. Ə.Əmiraslanov vurğulayıb ki, bu problemin həlli üçün hüquqi baza yaradılacaq, “Psixoloji yardım haqqında” qanun qəbul olunacaq. 
İrada münasibət bildirən psixoloq Tariyel Faziloğlu da Azərbaycanda psixoloji xidmətin səviyyəsinin aşağı olduğunu etiraf edir: “Bunun birinci səbəbi odur ki, psixologiya fakültəsini bitirən tələbələrin əksəriyyəti keçmiş nəzəriyyədən kənara çıxmırlar. Universiteti bitirən tələbələr psixologiya sahəsində ancaq diploma sahib olurlar. Terapiyalar ciddi şəkildə tədris olunmur. Yəni təhsil, müasir psixologiyaya uyğun gəlmir. İkincisi, Azərbaycanda psixoloji xidmət attetasiyası olmalıdır. Bundan başqa, hökumət əhalini psixoloji xidmətə təşviq etsə, xidmət səviyyəsi müəyyən qədər inkişaf edə bilər. Bu sahədə sosial piar xidmətləri aparılmalıdır. Televiziyalarda psixoloji maarifləndirmə verilişlərinin olması lazımdır. 
2006-cı ildə Dünya Səhiyyə Təşkilatının açıqlaması təsdiqlədi ki, bütün xəstəliklərin yaranma səbəbi sırf psixolojidir. Dünyanın inkişaf etmiş ölkələri psixoloji xidməti icbari hala gətirib. Eyni zamanda müəssisələrin özlərinin psixoloqu olur. Bu şəkildə psixoloji xidmət tam şəkildə inkişaf edə bilər. Sadəcə. ifadələrlə psixoloji xidmət olmur. Bu gün psixoloji xidmət göstərənlərin böyük əksəriyyətinin nə müvafiq savadı, nə də bazası var. Ya köhnə falçıdırlar, yaxud da başqa sahələrdə uğur tapmayıb, bu sahəyə keçiblər. İnsanlar elə başa düşürlər ki, psixoloq bir-iki məsələhət verməklə işini bitirir. Belə deyil. Dünyada psixoloji xidmət ən uzun təhsil müddəti olan sahədir. Psixoloqun heç bir zaman təhsili bitmir. Avropada psixoloqlara silahsız qatillər deyilir. Onlar sosial mühəndislərdir. Hökumət bu məsələyə yüksək diqqət yetirərsə, bunun sosial, iqtisadi, səhiyyə sahələrinə  faydası böyük olacaq”.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov isə fərqli düşünür: “Azərbaycanda psixoloji xidmət deyilən qədər pis səviyyədə deyil. Düzdür, müəyyən qədər kadr problemləri var. Eyni zamanda insanlar psixoloji xidmət barəsində maariflənməlidir. Bu isitamətdə işlər aparılsa da, hələ qənaətbəxş səviyyədə deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var. Lakin fakt odur ki, Azərbaycanda psixoloji dəstək hər il yaxşılığa doğru gedir. 
Tənqid sırf özəl sektordan olmamalıdır. Məsələn, orta məktəblərdə psixoloq ştatı var. Onların da fəaliyyəti qənaətbəxş deyil. İlk növbədə onu düzəltmək lazımdır. Bütövlükdə bunun həlli zaman tələb edir. Nəzərə alaq ki, özəl sektordakı problemlər də həllin tapmaqdadır. Ancaq bütün hallarda Azərbaycanda psixoloji xidmət normal səviyyədədir. Hər il də yaxşılığa doğru gedir. 
Xaricdə təhsil alan tələbələrimiz var. Ali məktəblərdə də savadlı kadrların hazırlanması istiqamətində addımlar atılır. İnsanlarda da psixoloji gərginlik əvvəlki illərə nisbətən çoxdur. Bütün problemi psixoloqun üzərinə qoymaq düzgün olmazdı”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz