Əlaqə Arxiv
news Image
2018.06.02
08:00
| A A A
Azərbaycanda demoqrafik disbalansla bağlı fikirlər haçalanır
Sədaqət Paşayeva: “Müvafiq qurumlar bununla bağlı maarifləndirici tədbirlər görməlidirlər” Təranə Kərimova: “Azərbaycanda qadınların cəmiyyətin iqtisadi, sosial həyatında dayanıqlı mövqeyi bizə böyük ümidlər verir” Zəminə Səfərova : "Qız uşağı dünyaya gətirən anaya nağd pul vəsaiti təqdim etmək olar"

“Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər qalmaqdadır. Bu gün Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması bu baxımdan xüsusi diqqət tələb edir”. Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu fonemenlə bağlı apardıqları son araşdırma zamanı məlum olub ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər: “Kişilərin sayının həddindən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsinə, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılmasına, ümumi kriminogen durumun daha da ağırlaşmasına, gəlinqaçırma, erkən nikah, insan alveri və s.-yə səbəb ola bilər. Bu fenomenin qarşısının alınması artıq neçə illərdir ki, BMT-nin Əhali Fondunun əsas fəaliyyət prioritetlərindəndir. Bu istiqamət üzrə Azərbaycan höküməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçiririk".
Hüquq müdafiəçisi Sədaqət Paşayeva bildirir ki, BMT-nin hesabatında da Azərbaycanın selektiv abortlara görə öndə olan ölkələrdən biri kimi göstərilmişdi: “Düzdür, bununla bağlı müvafiq tədbirlər görülür. Ancaq bütövlükdə toplumun qız uşaqlarına qarşı sərt münasibəti yoxdur. Yəni, onların məqsədli şəkildə azaldılması üçün tədbirlər görülmür. Sadəcə, qızlar uşaqlarına qarşı təpki var. Bu da onların cəmiyyətdə sosial bərabərliyinə əngəl yaradır. Məsələn, ali məktəblərə ən yüksək balla qəbul olan qız uşaqları sonradan cəmiyyətin idarə olunmasında iştirak etmədiyi üçün onlarda ruh düşkünlüyü yaranır. Qızlar əsasən təlim-tərbiyə işlərində fəaliyyət göstərirlər. Yəni qızların peşələrində də ayrımlar yaranıb. Buna görə də sanki qız uşaqlarına ehtiyac azalıb. Hansı ki, bu da zərərli yanaşmadır. Toplumda ziddiyyətli müansibətlərin yaranmasına səbəb ola bilər. Müvafiq qurumlar bununla bağlı maarifləndirici tədbirlər görməlidirlər. Hətta aşağı sinif şagirdəri arasında qız uşaqlarının sayı azdır. Lakin yüksək nailiyyətlərdə heç də qızlar oğlanlardan geri qalmırlar. Bununla bağlı dövlət siyasəti olmalıdır. 
Düzdür, 1995-ci ildə “Gender bərabərliyi haqqında” Qanun qəbul olunub., Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Lakin bu bərabərliyə nail olmaq üçün əməli tədbirlər diqqəti çəkmir. Buna baxmayaraq, Komitənin bu sahədə ciddi addımlar atacağına ümid edirik. “Qız yükü - duz yükü” streotipini dağıtmaq lazımdır”.
“Gender və iqtisadiyyat” İctimai Birliyinin sədri Təranə Kərimova isə fərqli düşünür. O bildirdi ki, sosial həyat tərizinin analitik təhlilində müxtəlif subyektiv fikirlər ola bilər: “Azərbaycan reallığı onu deməyə əsas verir ki, bizdə elə bir problem yoxdur və olmayacaq. Orta statistik azərbaycanlı ailəsində hər iki uşaq arzuolunan haldır. Azərbaycanda qadınların cəmiyyətin iqtisadi, sosial həyatında dayanıqlı mövqeyi bizə böyük ümidlər verir. Azərbaycanda paritet tapılıb. Odur ki, kişilərin sayının həddindən artıq çoxalması problemi yoxdur. Yəni, partnoyr çatışmazlığı kimi problem də olmayacaq.  
Azərbaycanda cənab Prezidentin fəaliyyəti dövründə 1.5 milyondan  çox yeni iş yerləri çılıb. Hansı ki, burada həm kişilər, həm də qadınlar üçün bərabər imkanlar yaradılıb.  Yəni, işə görə ölkədən çıxıb getmək halları da azdır. Həm sosial siyasətin mövcudluğu, hüquqi sənədlərin olması, ailələrdə mental dəyərlərin qorunması cəmiyyətimizi bu kimi təhlükələrdən uzaq tutub. Kiminsə subyektiv fikrini meyar seçmək olmaz. Azərbaycan reallığı, işlək qanunların mövcudluğu onu göstərir ki, ölkəmizdə partnyor çatışmazlığı olmayacaq”.

Sosioloq Zəminə Səfərova da son illər yeni doğulanlar arasında oğlan uşaqlarının sayının çox olması kimi davamlı bir tendensiya müşahidə edildiyini bildirdi: "Bu problemin qarşısının alınması artıq neçə illərdir ki, BMT-nin Əhali Fondunun əsas fəaliyyət prioritetlərindəndir. Bu istiqamət üzrə Azərbaycan höküməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilməkdədir. Nəzərə alaq ki, bu, hər iki valideynin istəyi ilə bağlı olan problemdir.Ona görə də ailənin daxili istəklərinə qarışmaq biraz mürəkkəb məsələdir. Lakin çıxış yollarından biri də maariflənmədir. Gənclər arasında bu mövzuda mütəmadi maariflənmə işləri aparılmalıdır. Digər tərəfdən, dövlət müəyyən formada qız uşağı dünyaya gətirən analara dəstək verə bilər. Məsələn, qız uşağı dünyaya gətirən anaya  nağd pul vəsaiti təqdim etmək olar".

Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz