Əlaqə Arxiv
news Image
2018.06.04
14:59
| A A A
"Güzəştli mənzil"lərin təkrar satışı nə vaxt başlanacaq? - Rəsmi AÇIQLAMA

“Yasamal Yaşayış Kompleksində mənzillərin satışında əvvəlki problemin yaranmaması üçün tədbirlər görülür. Görülən işlər barədə yaxın zamanda məlumat veriləcək”.
Bu barədə Publika.az-a Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova məlumat verib.
Onun sözlərinə görə hazırda “Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və sistemin hər bir istifadəçiyə bərabər seçim şəraitinin yaradılması üçün zəruri tədbirlər həyata keçirilir.
“Məqsəd vətəndaşların bir daha əvvəlki problemi yaşamamasıdır. Bu işlər yekunlaşdıqdan sonra güzəştli mənzillərin təkrar seçimi ilə bağlı yenidən elan veriləcək".
D.Dadaşovanın sözlərinə görə, Yasamal Yaşayış Kompleksində tikinti işləri sürətlə davam etdirilir. Artıq kompleksdə 25 binanın konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb.
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksi vətəndaşların mənzilləri güzəştlə əldə etməsi Qaydasına uyğun olaraq Agentliyin ilk layihəsidir. Mayın 7-də başlanmış ilk satış prosesinin mənzil seçimi mərhələsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxsin sistemə daxil olmasında problemlər yaşanıb. Buna səbəb “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsidir.
Eyni zamanda, “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib.
Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozub. Bu səbəbdən mənzillər təkrar satışa çıxarılacaq.

Sizin Reklam Yeriniz