Əlaqə Arxiv
news Image
2018.06.09
14:23
| A A A
Azərbaycana gəlmək istəyən əcnəbilərin sayı artır

Bu yay rusiyalı turistlərin istirahəti üçün populyar MDB kurortlarının reytinqi təqdim edilib. Rusiyanın TurStat analitik agentliyi xəbər verir ki, Xəzərin sahilində, Bakının Bilgəh qəsəbəsindəki çimərliklər 5 ən populyar kurort sırasında yer alıb. TurStatın məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin kurortlarına yay mövsümündə 7-14 gün müddətinə gəlirlər. MDB ölkələrinin kurortlarında birgünlük istirahət 50-100 dollara başa gəlir. 

“TurStat” bu cür analitik hesabatları hər il bir neşə formada hazırlayır. Məsələn, agentliyin keçənilki May bayramı günlərində səyahət üçün ən populyar olan MDB şəhərlərini müəyyən edəndə ilk beşliyin önündə Bakı qərarlaşmışdı. Həmin ərəfədə rusiyalı turistlər Bakıya həvəslə və orta hesabla 3,5 günlük gəlib, hotellərdə qalmağa görə sutkalıq 60 dollar ödəyiblər.
Ötən il Azərbaycana gələn xarici turistlərin sayı 20 faiz artıb. Yəni, ölkəyə 2,7 milyon nəfər turist gəlib. Onlar elektron kart vasitəsilə 1 milyard manatlıq əməmliyyat ediblər. Bu da əvvəlki illə müqayisədə 70 faiz artım deməkdir. Turizm sənayesini yenicə yaradan bir ölkə üçün bu irəliyə doğru çox böyük sıçrayışdır.
Bu il indiyədək olan uğurlar daha da genişlənəcək. Çünki, hər il bir neçə turizm obyekti açılaraq istifadə olunur və bu obyektlər öz mükəmməlliyi ilə seçilir. Məsələn, Azərbaycanın Naftalan şəhəri həmişə rusiyalı turistlərin sevimli istirahət və müalicə məkanıdır. Rusiyanın “TurStat” analitik agentliyinin araşdırmalarına görə, 2017-ci ildə yaxın əcnəbi ölkələr arasında Naftalanın istirahət məkanları rusların ən sevimli istirahət yeri olub. Belə ki, rusların Naftalana neftlə müalicə almaq üçün gəldikləri bəlli olub. Araşdırmalara görə, hər il Naftalana 10 min turist gəlir ki, onların yarısından çoxunu əcnəbi turistlər təşkil edir. Halbuki Naftalanın özünün əhalisi ətrafı ilə birlikdə on min nəfərdir. Bu, yüksək göstəricidir. Lap bu nyaxınlarda Naftalanda Prezident İlham Əliyevin iştirakı ilə yeni sosial obyektlər istifadəyə verilib. Demək, turistlərin qəbulu üçün şərait də daha da yaxşılaşıb.
Abşeronun turizm potensialının tam olaraq reallaşdırılması və regionlarda davamlı turizm potensialının artırılması hökumətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Potensialın sürətlə gerçəkləşdirilməsi hesabına bu il ölkəyə gələn turistlərin sayının 3 milyonu keçəcək.
Ekspertlərin hesablamalarına görə, ölkəyə gələn bir turistə turizm sənayesində çalışan 7 yerli işçi xidmət edir. Turizmin inkişafı nəticəsində 60-a yaxın digər xidmət və ərzaq sektorları da hərəkətə gəlir. Təbii ki, tələb artdıqca, müəssisələrin işi çoxaldıqca əməkçilərin də sayı artır. Əgər 2003-ildə ölkənin ümumi daxili məhsulunda turizmin payı 0,9 faiz idisə, hazırda rəsmi statistikaya görə bu rəqəm 4,5 faizdir. Mütəxəssislərin rəyinə görə, bu sürətlə qarşıdakı 10 ildə  ümumi daxili məhsulda turizmin payı 10 faizə çata bilər.
İndi ölkədə planlı şəkildə davamlı olaraq azulduzlu otellər, gənclər mərkəzi və evləri tikilir, daha ucuz başa gələn ev kirayəsi şəbəkəsi təşviq olunur.  Bu minvalla 2025-ci ildə illik turist sayının 5 milyon nəfərə çatdırmaq heç də problemli görünmür. Çünki, indi turizm sənayesinin idarəediciləri təkcə Novruz Bayramı ərəfəsi deyil, qış və yay turizmini, eyni zamanda alpinizm, ekstremal turizm, dayvinq, paraşütçülük, milli parklar, ekoturizm kimi müasir istiqamətlərin də  inkişafın da xüsusi diqqət ayırırlar. Buna görə də ötən il Rusiyadan Azərbaycana 139 min, Türkiyəyə 138 min, Gürcüstana 135 min, Ermənistana isə 69 min turist gəlib. Azərbaycanın bu siyahının önündə getməsi bu sahədə görülən işlərin səmərəli olduğunu sübut edir. Üstəlik, bu öncüllük gəlirlərdə də özünü göstərir və Azərbaycanın turizm sənayesi valyuta ehtiyatlarının artmasında rolunu yüksəldir.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz