Əlaqə Arxiv
news Image
2018.06.11
15:46
| A A A
Birinciyik, hamının sevinciyik

Hardan başlanır Vətən, yurd-yuva sevgisi? Birincilər üçün bu sevgi bu gün kitablardan, əlifbanın ilk hərflərindən, sadə hesab əməllərindən, əllərində tutduqları üçrəngli Vətən bayrağından, oxuduqları Dövlət himnindən, ürəkləri atlana-atlana ifa etdikləri şeirlərdən, nəğmələrdən başlanırdı. Balacaların bu ovqatına müəllimləri, valideynləri də şərik olurdu. Bu ovqat şərikliyindən, bayram təntənəsindən doğan işıq, nur “Əlifba” şənliyi günü Bakı şəhəri Sabunçu rayonu 215 nömrəli məktəbin “çöhrəsini” daha da şəfəqləndirirdi.

Ümumi ovqata təhsil ocağının direktoru Cavad Mustafayev qoşulur. O, valideynləri, şagirdləri, pedaqoji kollektivi bayram münasibətilə təbrik edir, tədbiri birincilərin uğur, müvəffəqiyyət, elmlərə yiyələnmək estafeti adlandırır.

1b sinfinin rəhbəri Mənsurə Quliyevanın çıxışında şagirdlərin uğurları sadalanır.

Şən nəğmələr, xoş təranələr çıxışlara nəqarət olur.

Xalq folklorunun inciləri birincilərin dilində daha da şirinləşir. Nənələrin gəncə və saçaqlı yaylıqlarını örtən qızlar –Fidan, Rüqəyyə, Gülay “Hakışda” deyib şirin musiqinin müşayəti ilə rəqs edirlər.

Valideynlərin xoş ovqatı jurnalist Südabə Məmmədovanın çıxışında daha dolğun ifadə olunur: övladlarımız, nəvələrimiz ömrümüz, günümüz, həyatımızdır. Bu həyatı elm və təhsillə nurlandıran müəllimlərə minnətdarıq!

Birincilər – Süleyman, Ramiz, Şahəddin, Hüseyn hərbi geyimdə səhnəyə çıxıb “Ana əsgər gedirəm” mahnısının sədaları altında nizami yerişlə addımlayırlar...

Ayrı-ayrı fənn kitablarını paltar kimi “geyinən” birincilər – Rövşanə, Ülvi, Esmira, Əsmər “Sehirli xalat”ın qəhrəmanlarını xatırladırlar. Bütün kitabları oxumalısan ki, elmli olasan.

Həmin filmin obrazlarından biri Göygöz Kosanın – Anar Məmmədlinin çıxışı, Ayşən balanın məharətlə oynadığı hind rəqsi, Nigar, Elvin, Həmid və Yəhyanın ifa etdikləri “Naz eləmə” milli rəqsi də alqışlarla qarşılanır. Dədə Qorqudu canlandıran İlkin, “Cırtdan”ın tənbəlliyini məharətlə tamaşaçılara çatdıran Həmid də hamının sevincinə səbəb olur.

Bütün şagirdlərə tərifnamə təqdim edən Cavad müəllim onların hər biri ilə şəkil çəkdirir.

Bu an ulu öndər Heydər Əliyevin kövrək səsində Səməd Vurğunun “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” kəlmələri hamını kövrəldir.

Elmin ilk pilləsinə qədəm qoyanlar hamının sevinc, fərəh və qürur ünvanına dönür. Onlar özü də bunu etiraf edirlər: Birinciyik, biz hamının sevinciyik!

Südabə KAZIMQIZI,

Masallıda çıxan “Yeni həyat” qəzetinin

əməkdaşı, AJB-nin üzvü.

Sizin Reklam Yeriniz