Əlaqə Arxiv
news Image
2018.06.29
09:52
| A A A
İstirahət mərkəzlərində qiymətlər yenə narazılıq doğurur
Rəşad Həsənov: “Tələbi bütün regionlar üzrə bərabər paylaşdırmaq, xidmət sektoru və infrastrukturu gücləndirməklə qiymətin dinamikasının aşağı düşməsini təmin etmək mümkün olar”

Havaların istiləşməsilə əlaqədar insanlar istirahətə daha çox önəm verməyə başlayıb. Bu fonda Azərbaycan əhalisinin bir qismi istirahətlərini ölkənin turistik baxımından əlverişli regionlarında keçirməyə üstünlük verir. Nəticədə regionlarda yerləşən istirahət mərkəzlərinə üz tutanların sayı yenidən artıb. Amma yenə də qiymətlərin baha olmasından narazılıq var. Hələ də regionlardakı turist obyektləri yaranmış vəziyyətdən istifadə edərək qiymətləri artırmağa daha çox meyl edirlər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, hazırki situasiyada regionlardakı istirahət zonalarında qiymətlərin artması tələbin təklifi üstələməsi, yəni ümumiyyətlə, bazar qanunları ilə bağlıdır: “Regionlardakı istirahət mərkəzlərində qiymətlər əhalinin gəlirlərilə müqayisədə kifayət qədər yüksəkdir. Amma məsələ ondadır ki, indiki halda regionlardakı istirahət obyektlərində baş verən qiymət bahalaşması bazar şərtləri daxilində formalaşır. Çünki mövcud bazar konyukturu baha qiymətlərin olmasını şərtləndirir. İnsanların istirahətə həqiqətən də ehtiyacı var. Amma regionlarda məhdud turizm zonaları vardır. Nəticədə həmin zonalara müraciətlər kifayət qədər çox olur. İnsanlarımız baxmayaraq ki, əsasən xaricə üz tutur, amma qısa müddətli istirahət üçün əsasən ölkə daxilini seçirlər.
Bu zaman da təbii ki, tələb təkliflə müqayisədə dəfələrlə çoxdur. Son dövrlər turizmin inkişafı ilə bağlı müəyyən addımlar atılsa da, nədənsə turizmə investisiyanın həcmi o qədər də sürətlə artmır”. 
Yaranmış vəziyyətdə qiymət endiriminə nail olmaq üçün həmsöhbətimiz çıxış yolunu xidmət sektoru və infrastrukturun gücləndirilməsində, bölgələrdə turistik zonaların sayının artmasında, tələbin regionlar üzrə bərabər paylaşmasına nail olmaqda görür: “Xidmət, gecələmə obyektləri, otel və motellərin sayı faktiki olaraq, tələblə müqayisədə dəfələrlə azdır. Bu da imkan yaradır ki, idarəedicilər, yəni bu sferada fəaliyyət göstərən sahibkarlıq subyektləri bazar konyukturuna uyğun olaraq, daha baha qiymətlər müəyyənləşdirsinlər. Nəticədə mövcud qiymət artımı gərgin əmək şəraitindən sonra istirahətə geniş ehtiyacı olan daha çox insanın bölgələrdə dincəlməsi üçün əlverişli mühit formalaşmır. Bu istiqamətdə sektorun tələbi izləməsində təəəssüf ki, gecikmələr müşahidə olunur. Bu sahədə əvvəllər də heç də tam ciddi rəqabət mühiti formalaşmayıb. Xüsusən də ölkənin daha çox şimal bölgələri turizm baxımından qiymətləndirilir. Amma cənub bölgələrimiz bu istiqamətdə zəif infrastruktura malikdir. 
Belədə regionlar üzrə tələbin bərabər paylanmasında problemlər yaranır. Belə vəziyyət isə insanların böyük əksəriyyətinin istirahət üçün ölkənin şimal bölgəsini seçməsinə gətirib çıxarır. Bu da təbii olaraq son nəticədə biznes subyektlərinin daha baha qiymət təklif etməsini şərtləndirir. Bu istiqamətdə qiymət endirimlərinə nail olmaq üçün görüləcək əsas iş investorları risq olmadığına və onun mülkiyyət hüququnun qorunduğuna inandırmaqdan ibarətdir. Bu yolla özəl sahibkarlıq subyektlərinin regionlarda turizmin inkişafı üçün ciddi investisiya yatırımına getmələrinə nail olunması təmin olunmalıdır. 
Həmin addım zamanı təşviqedici mexanizmlərdən də istifadə oluna bilər. Bölgələrdə infrastrukturu təmin etməklə də turizm potensialını gücləndirmək olar. Yəni tələbi ölkənin bütün regionları üzrə paylaşdırmaq yolu ilə müəyyən qədər xidmətlərin qiymətin dinamikasının aşağı düşməsini təmin etmək mümkün olar. Bu gün xaricdən də ölkəmizə turizm axını artır. Amma xidmət sektoru və infrastruktur bu artımların qarşısında müəyyən qədər aciz durumdadır. Nəticədə də qiymətlər baha başa gəlir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz