Əlaqə Arxiv
news Image
2018.06.29
14:33
| A A A
İşçiləri açıq havada işlədənlər niyə cərimələnmir?

Son günlər havaların isti keçməsi açıq havada çalışan işçilərin həyat və sağlamlığının qorunması məsələsini gündəmə gətirib. Havanın tempüraturunun yüksəlməsi ilə bağlı hətta işəgötürənlərə qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görmələri də tövsiyyə edilib. Buna baxmayaraq bu gün açıq havada işləyənlərə rast gəlinir.  Qorabişirən istidə işçilərin işlədilməsi, əsasən tikinti sektorunda müşahidə olunur. Baxmayaraq ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Müraciətdə də deyilir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Nazirliyin mətbuat katibi Fazil Talıblı da deyir ki,, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır: “Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.  Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir”. 
F. Talıblının sözlərinə görə, hələki onlarda hava temperaturunun + 41 dərəcə selsidən çox olduğu barədə məlumat yoxdur: “Bizdə məlumat yoxdur ki, temperatur + 41 dərəcə selsidən yüksəlib. Əgər belə olsa təbii ki, işəgötürənlər qanunvericiliyin tələbinə uyğun olaraq günün isti saatlarında açıq havada işi dayandırmaldıırlar”.
Qurumun sözçüsü bildirir ki, şikayət olmadığı halda açıq havada işi davam etdirən müəssisələrdə yoxlama aparıla bilməz. F. Talıblı hələki açıq havada işlə bağlı şikayət daxil olmadığını söylədi. 
Sahib Məmmədov deyir ki, belə şəraitdə münasibətlərinin tənzimlənməsi ilə bağlı xüsusi qaydalar müəyyən edilib: “O yerlərdə ki, havanın temperaturunu süni sürətdə dəyişmək mümkün deyil, temperatir + 41 dərəcə selsidən yüksəlibsə həmin müəssiələr işi avtomatik olaraq dayandırmalıdır. Əgər iş dayandırılmayıbsa, tutaq ki, hər hansı qəza operativ olaraq aradan qaldırılmalıdırsa, bu halda işə götürən əlavə tədbirlər görməlidir. Çətirlər quraşdırmalı, sərinləşdirici içkilərlə işçiləri təmin etməlidir. Bundan əlavə işçilərə tez-tez fasilələr verilməlidir və sair. Bizdə isə bəzi iş yerlərində  xüsusilə asfalt çəkilişində 45 dərəcədə işçilər işlədilir. Beləcə əməyin mühafizəsi qaydaları pozulmuş olur. Buna görə, işəgötürən ancaq inzibati məsuliyyət daşıyır. Cəriməsini ödəməklə yaxa qurtarır. Bəzi hallarda, işçilər arasında günvurma olduqda, bu daha ağır fəsadlarla müşayət olunarsa işəgötürənə cinayət işi açılmalıdır”. 
Amma S. Məmmədov bu gün Dövlət Əmək Müfəttişliyinin monitorinq aparmaq imkanının məhdud olması üzündən qanunvericiliyin tələbinin pozulması hallarına tez-tez rast gəlindiyini bildirir: “Dövlət Əmək Müfəttişliyi işçinin + 41 dərəcə selsidən yüksək hava şəraitində işlədildiyi hallarına qarşı mübarizə aparmaq üçün əvvəllər reyd keçirirdi. Son bir neçə ildir sahibkarlıq subyektlərində yoxlama dayandırıldığından qurum bu cür reydləri təxirə salıb. Çox təəssüf ki, bu gün + 41 dərəcə selsidən yüksək temperaturda işləyən işçilərin də şikayət etməsi heç nəyi dəyişmir. Çünki, tikinti sektorunda çalışanların çoxunun işəgötürənlə əmək müqaviləsi yoxdur. Onlar şikayət edəndə işəgötürən ümumiyyətlə belə bir işçisinin olduğunu qəti sürətdə inkar edir. İşçi də həmin müəssisədə işlədiyini sübut  edə bilmir. Ona görə də, buna nəzarət mexanizmi olmalıdır. Əks halda işəgötürənlər temperaturun + 41 dərəcə selsini keçməməsini bəhanə gətirərək işi açıq havada davam etdirəcəklər”.
Qeyd edək ki, nazirlik mövcud hava şəraitinin 40 dərəcə ətrafında dəyişdiyini bildirsə də, açıq havada temperaturun bu həddi keçdiyi iddia olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun  müdiri Umayra Tağıyeva isə deyir ki, dünya təcrübəsində şəhər şəraitində “istilik adaları”  anlayışı var: “Yəni hər bir ərazinin öz mikroiqlim şəraiti yaranır. Və binalar sıx olan, asfalt örtüyü yerlər günəş şüalarının birbaşa təsiri altında qızır və öz istisini havaya verir. Əgər biz Bakı şəhərinin müxtəlif küçələrində temperatur göstəricilərini ölçsək, fərqli nəticələr əldə edəcəyik. Bu da şəhərin mikroiqlim göstəriciləri olacaq. Ona görə də parklarda, yaşıllıq olan yerlərdə havanın temperaturu digər yerlərə nisbətən aşağı olur.  Ona görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometrologiya departamentinin təqdim etdiyi temperatur obyektivdir”. 

Zülfiyyə QULUYEVA

 

Sizin Reklam Yeriniz