Əlaqə Arxiv
news Image
2018.08.03
09:00
| A A A
Təhsil xətti ilə xaricə axan valyuta
Kamran Əsədov: “İlk növbədə Azərbaycanda ali məktəblər plan yerlərini artırmalıdırlar” Məhərrəm Zülfüqarlı: “Problemin qarşısını almaq üçün qəbul prosesini sadələşdirmək lazımdır”

Məlumdur ki, hər il ərzində Azərbaycandan xaricə  təhsil ardınca minlərlə insan gedir. Araşdırmalar göstərir ki,  onların böyük əksəriyyəti məhz ölkəmizdə qəbul imtahanlarında yetrəli bal toplamaya bilməyənlərdir. Bu isə xaricə valyuta axını deməkdir. 

Xatırladaq ki, problem zaman-zaman gündəmə gətirilir. Hətta ötən il problemin qismən həlli üçün keçid balları aşağı salınmışdı. Lakin bu da problemi tam həll etmir. Ekspertlər isə müxtəlif təkliflər irəli sürürlər. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirir ki, bu il 30 min şəxsdən çox şəxs ali məktəbələrə keçirilən imtahanlarda yetərli bal toplaya bilməyib: “Onların bəziləri yenə də dünyanın ucuz və keyfiyyətsiz təhsil olacaqlarına üz tutacaqlar. Bu fakt danılmazdır. 
Hazırda ölkədən kənarda kifayət qədər azərbaycanlı təhsil alır. Türkiyədə 15 min, Dərbənd, Ukrayna, Avropa ölkələrində ümumilikdə 24 min tələbə öz vəsaiti hesabına təhsil alır. Bütün bunlar isə beyin və vəsait axını deməkdir. Bunun qarşısını almaq üçün 2013-cü ildə “Təhsilin inkişafına dair Dövlət Strategiyası” qəbul olunub. Orada göstərilir ki, təhsil mütləq şəkildə əlçatan olmalıdır. Məlumdur ki, 4 ildən sonra onların diplomları tanınacaq. Amma həmin müddət ərzidə xarici ölkələrə pul köçürəcəklər. Buna görə də Azərbaycan ali məktəblərinə qəbul plan yerləri artırılmaldır. 
Təəssüf ki, bu il tibb sahəsi üzrə bunu görmədik. Ona görə də həmin şəxslər tibb təhsili almaq üçün Azərbaycandan kənara gedəcəklər. Bununla da pul gedəcək. Ona görə də ilk növbədə Azərbaycanda ali məktəblər plan yerlərini genişləndirməlidirlər. Azərbaycanda onsuz da ali təhsilli şəxslərin sayı azdır. Bu gün ölkə əhalinin 17 faizi ali təhsillidir. Bu da dünya normalarından aşağıdır. Əsasən də özəl ali məktəblər plan yerlərini arıtırlmalıdır ki, fəaliyyətləri dayanmasın. Bu da özəl sektorun inkişafı və ölkədən xaricə gedənlərin sayının azalması deməkdir. 
Nəzərə alaq ki, bəzi şəxslər xaricə gedəndə müxtəlif qruplaşamaların üzvünə çevrilirlər. Onlar ölkəyə gələn zaman təhlükədirlər. Bu kimi problemin, vəsait, beyin axınının, gender probleminin yaranmaması üçün 54 ali təhsil müəssisəsində 45 min plan yeri yox, 70 min olmalıdır. Eyni zamanda təhsilin keyfiyyətini artırmaqla problemin həllinə nail ola bilərik”.
Təhsil məsələləri üzrə digər ekspert Məhərrəm Zülfüqarlı bildirdi ki, təhsilimizin yaralı yeridir: “Azərbaycanda ali məktəblərə qəbulun şərtləri nisbətən sərtdir. Bu baxımdan aşağı bal toplayanların bəziləri xarici keyfiyyətsiz universitetlərə gedirlər. Pul həmin ali məktəblərin büdcəsini doldurur. Bu fonda Azərbaycan universitetləri maliyyə çətinliyi çəkirlər. 
Problemin qarşısını almaq üçün qəbul prosesini sadələşdirmək lazımdır. Hətta universitetlərə də plandan əlavə qəbulla bağlı bir qədər sərbəstlik vermək olar.  Yəni, qəbul məsələlərinə yenidən baxılmalıdır. Universitetə qəbul olmaq istəyən abituriyentlərin hamısına şərait yaratmaq lazımdır. Sadəcə, təhsil prsoesində obyektivlik təmin edilməlidir ki,  oxuya bilməyən diplom ala bilməsin”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz