Isti yay günlərində tələbatın artdığı məkanlardan biri də çayxanalardır. Bu tip iaşə obyektlərinə üz tutanların əksəriyyəti kişilər olduğundan, belə məkanlar demək olar ki, heç vaxt müştərisiz qalmır. Son illər təkcə paytaxtda onlarla yeni çay evi fəaliyyətə başlayıb.
Bu iaşə obyektlərinin sayı artmaqla, görkəmində də xeyli dəyişiklik, müasirlik müşahidə olunur. Müştəri sarıdan korluq çəkməyən bu tip məkanlara yay aylarında tələbat ikiqat artdığından, çayxanalar açıq səma altında fəaliyyətlərini davam etdirirlər. Müştəri sayının artması bu tip iaşə obyektlərində sanitar və gigiyenik tələblər məsələsini də gündəmə gətirir. Çox təəssüf ki, çay evləri arasında bu tələblərə əməl edənlərin sayı barmaqla sayılacaq qədər azdır.
Çay süzülən stəkanların natəmizliyi, üzəri tozdan rəngi dəyişən qəndin görkəmi bu tip məkanlarda natəmizliyin baş alıb getdiyinin əyani sübutudur.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da bu tip iaşə obyektlərində sanitar və gigiyenik tələblərə əməl edilməsinin vacib olduğunu, bununla bağlı qaydalar olduğunu söyləyir: “Bilirsiniz ki, sahibkarlıq subyektlərinə yoxlamalar dayandırılıb. Biz artıq çayxanalarda, kafelərdə sanitar normalara əməl olunub-olunmadığını yoxlaya bilmirik. Amma bu tip məkanlarda stəkan və nəlbəkilərin gur su altında yuyulması üçün böyük vannalar olmalıdır. İstifadə edilən stəkan və nəlbəkilər xloramin məhlulu ilə qarışdırılmış suda bir saata qədər saxlanılmalı, ilıq su ilə yuyulduqdan sonra təkar istifadə edilməlidir. Amma biz də görürük ki, bəzən bu stəkanlar soyuq su ilə krantın altında yaxalanaraq təkrar müştəri üçün istifadə edilir. Əlbəttə ki, bu yolverilməzdir”.
Z. Kazımov deyir ki, çayxanalarda stəkan-nəlbəki sayı ilə bağlı tələblər var: “Bu tip məkanlarda stəkan-nəlbəkilərin sayı dezinfeksiya tədbirləri aparmağa imkan vermir. 15-20 stəkan-nəlbəkisi olan çayxanda sanitar-gigiyenik tələblərdən danışmaq yersizdir. Sözsüz ki, belə məkanlarda müştəriyə çay gigiyenik tələbə əməl edilərək verilmir. Ona görə də, müştərilər də öz sağlamlıqlarının keşiyində ayıq-sayıq durmalıdırlar.
Stəkan-nəlbəki natəmizdirsə, onda çay içməkdən imtina etmək lazımdır. Tozun altında açıq şəkildə qoyulan qəndlə çay içən müştəri bunun onun sağlamlığı üçün təhlükə yaratdığını bilməli, aidiyyatı qurumlara şikayət etməlidir. Biz yalnız rəsmi şikayət olduqda həmin iaşə obyektində yoxlama apara, orada sanitar-gigiyenik vəziyyəti monitorinq edə bilirik”.
Terapevt Emin Dadaşzadə də çayxanalarda gigiyenik duruma əməl etməməyin bir çox xəstəliklərin yoluxmasına münbit şərait yaratdığını söyləyir: “Vərəm çöpləri əsasən tüpürcəklə yayılır. Çayxanalarda stəkan və nəlbəkilər qələvi məhlullarla yuyulub dezinfeksiya edildikdən sonra təkrar istifadə edilə bilər. Amma hamımız şahidiyik ki, bir stoldan götürülən stəkan və nəlbəki soyuq suda yaxalanaraq digər müştərinin stolunun üzərinə qoyulur. Bu, ən təhlükəli xəstəlik olan vərəmin yayılmasına münbit şərait yaradır.
Ağız suyu vasitəsilə yayılan digər xəstəliklərə də çayxanalarda yoluxma riski böyükdür. Göy öskürək, göbələklər və digər yoluxucu xəstəliklərə yoluxmamaq üçün çayxanalarda gedən müştərilər təmizliyə diqqət yetirməlidirlər. Bu gün elə çayxanalar var ki, orada stəkanlar ofisiantlar tərəfindən yuyulur. Belə yerdə gigiyenik göstəricilərdən danışmaq belə yersizdir”.
Zülfiyyə QULUYEVA