Əlaqə Arxiv
news Image
2018.08.10
07:00
| A A A
Zərgərlik sənayesinin yenidən dirçəldilməsinə ehtiyac yaranır
Natiq Cəfərli: “Azərbaycanda kifayət qədər xammal ehtiyatı mövcuddursa, ölkəmizdə böyük zərgərlik zavodunun və ya bir neçə xırda emalatxananın açılmasına ehtiyac var” Cəmilə Hüseynova: “Əgər yerli zərgərlik zavodu fəaliyyətə başlayarsa, bazarda xarici məhsulların həcmi azalacaq”

Məlumdur ki, Azərbaycana zərgərlik məhsullarını xaricdən idxal edir. Hazırda qızıl-zinət bazarının böyük hissəsini Rusiya, İtaliya, Türkiyə, ərəb və digər ölkələrdən gələn məhsullar təşkil edir. Sözügedən idxal məhsulları isə hədsiz bahaçılığı ilə fərqlənirlər. Mütəxəssislərin sözlərinə görə, bazarda xarici məhsulların həcmini azaltmaq yerli zərgərlik sənayesinin inkişafından keçir. Hansı ki, bu sahədə təcrübəmiz var. Sadəcə, özəl sektorun diqqətini bu sahəyə yönəltmək lazımdır. Bununla da  həm valyutanın xaricə axının qarşısını alınar, həm də məşğulluğun təmin edilməsində rol oynayacaq. 

Bunun üçün dövlətin müəyyən dəstəyinin olmasının vacibliyi də vurğulanır. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanın son zamanlar qızıl yataqlarından çıxartdığı qızılın həcmi də artıb: “Ancq təəssüf ki, bunlar ya külçə, ya da təmzilənməmiş şəkildə xaricə ixrac olunur. Sonradan isə təmizlənərək daha bahalı, yaxud da zərgərlik məmulatları formasında Azərbaycana qayıdır. Bu baxımdan Azərbaycanda kifayət qədər xammal ehtiyatı mövcuddursa, ölkəmizdə böyük zərgərlik zavodunun və ya bir neçə xırda emalatxanaların açılmasına ehtiyac var. Bu, həm yeni işləri, həm də zərgərlik məmulatı üçün xaricə çıxan vəsaitin ölkədə qalmasına səbəb olacaq. Bununla da zərgərlik kifayət qədər perspektivli sahəyə çevrilə bilər. 
Amma bu sahədə sənaye üsulu ilə istehsalın təşkil edilməsi üçün bahalı avadanlıqların alınmasına, təhlükəsizlik qaydalarının tam tətbiq edilməsinə ehtiyac yaranır. Yəni, sahəyə investisiya qoyulmalıdır. Ona görə də Azərbaycanda “Xalçaçılığın inkişafına dair” qəbul edilmiş proqrama bənzər zərgərliyin inkişafına dair proqramın qəbul olunmasına ehtiyac var. Yəni, dövlət dəstəyi ilə zavodlar tikilir, sonradan isə ya kommersiya şirkətləri ilə birgə idarə olunur, yaxud da bir müddətlik idarəetməyə verilir. Belə bir yanaşma ilə ölkənin müxtəlif yerlərində bir neçə zərgərlik zavodlarının qurulmasına imkan  və ehtiyac var. Dövlətin dəstəyi olmasa, bu iş alınmaz. Daxili yatırımçılar bu işdə maraqlı olmazlar. Buna  heç gücləri çatmaz. Odur ki, ya dövlətin dəstəyi olmalı, ya da xarici investorlar cəlb edilməlidir. 
Nəzərə alaq ki, perspektivli sahədir və xammalımız da var. Həmçinin daxili bazarda buna tələbat böyükdür. Ona görə də bu istehsalın Azərbaycanda təşkili həm əlavə gəlir, yeni iş yerləri, həm də daxili bazarın təmin olunması və ən nəhayət ixrac üçün imkanlar yarada bilər”.
Zərgər Cəmilə Hüseynova bildirdi ki, Azərbaycanın özünün qızıl yataqları var: “Bundan başqa, tarixən Qafqaz zərgərləri əl işləri ilə məşhur olublar. Amma təəssüf ki, ölkəmizdə bu sahədə kreativlik zəifdir. 
Baxımlı zinət əşyaları yaradılmalıdır. Təcrübəmiz var. Sovet dövründə zərgərlik fabriki fəaliyyəti göstərib. Hazırda da buna ehtiyac var. Həmçinin potensialımız da az deyil. Əgər yerli zərgərlik zavodu fəaliyyətə başlayarsa, bazarda xarici məhsulların həcmi azalacaq. Yəni, ilk növbədə zavod fəaliyyətə başlamalı və mütəxəssislər cəlb edilməlidir. Bundan sonra Azərbaycan brendinin yaradılması vacib amildir. Həmçinin zərgərlik məktəbləri fəaliyyətə başlamalıdır. Bu sahənin inkişafı üçün eyni zamanda ilkin dövrlər vergi, gömrük güzəştləri tətbiq edilməlidir. Çünki avadanlıqlar xaricdən gətirilir. Bunlarla yanaşı, xarici təcrübənin öyrənilməsi də vacib şərtdir”. 
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz