Əlaqə Arxiv
news Image
2018.08.10
09:40
| A A A
Aqrar sahə ölkəyə daha böyük miqdarda pullar gətirə bilər
Rəşad Həsənov: “Digər sahələrdə olduğu kimi, aqrar sahədə də son məhsulun dünya bazarlarına təklif edilməsi yaradılan əlavə dəyərinin həcminə müsbət təsir göstərir”

Azərbaycan xaricə ixrac etdiyi aqrar məhsulların həcm və çeşidini artırır. Amma hesab edilir ki, artıq aqrar məhsullar həm də emal edilmiş, konservləşdirilmiş və müxtəlif hazır məhsullar şəklində də dünya bazarlarına çıxarılmalıdır. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, daha uyğun mühitin yaradılması fonunda Azərbaycanda istehsal edilən aqrar məhsulun emal edilmiş, konservləşdirilmiş və hazır məhsul formasında dünya bazarına çıxarılmasına nail olmağımız da mümkündür: “Digər sahələrdə olduğu kimi, aqrar sahədə də son məhsulun dünya bazarlarına təklif edilməsi yaradılan əlavə dəyərinin həcminə müsbət təsir göstərir. Eyni zamanda hər hansı bir xammal varsa, istehsal prosesinin təmin olunması və asılı sahələrin inkişaf etdirilməsi üçün deməli, normal  şərait vardır. Əsas problem xammaldır. 
Digər faktor və şərtlərin optimallaşdırılması qalır ki, bu yolla da sahibkarlıq subyektlərinin prosesə marağının, investisiya qoyuluşu həcminin artırılması vacibdir. Hazırda Azərbaycanda kənd təsərrüfatı ilə bağlı olan yeyinti sənayesində emal edilmiş məhsul istehsalı istiqamətdə müəyyən irəliləyişləri, inkişafı görmək olar. Amma onu da qeyd etmək lazımdır ki, bu yeyinti sənayesi daha çox daxili bazarı öz hədəfi olaraq seçib. Yəni, məhz bu istiqamətdə daha çox inkişaf meyli hiss edilir. Bu mənada uzunmüddətli dövrdə inkişaf strategiyasının müəyyənləşdirilməsi ölkəmizdə sahibkarlıq subyektləri qarşısında dayanan əsas problemlərdən biridir. Azərbaycan bazarı kifayət qədər kiçik bazardır və bu bazarda uzunmüddətli dövrdə böyümə imkanları məhduddur. Ona görə də aqrar sahə üzrə fəaliyyət göstərən hər hansı bir sahibkarlıq subyektləri də gələcək üçün öz inkişaf planını məhz ixrac prinsipi əsasında qurmalıdır. Bunun üçün də uyğun mühit formalaşdırılmalıdır. Sahibkar təşviq olunmalıdır, onun fəaliyyətinə maneələr olmamalı, bu istiqamətdə o qanunvericilik formasında müdafiə olunmalıdır. Həmçinin bu istiqamətdə hökumətin də müəyyən dəstəyi olmalıdır. 
İxracla bağlı bəzi mexanizmlər hazırlanıb və bu istiqamətdə fermerlərə müəyyən dəstək verilir. Lakin hər zaman qeyd etdiyimiz kimi istehsal ixracı dəstəkləməzsə, bu, uzunmüddətli dövr üçün özünü göstərməyəcək. Məsələn, son 3 ildə pomidorun ixracında ciddi artım baş verib. Amma rəsmi rəqəmlərə baxsaq, ölkədə pomidor istehsalının həcminin ümumiyyətlə, azaldığını görə bilərik. Belə bir şəraitdə artıq daxili bazarda qıtlıq yaranıb. Nəticədə bir neçə ay əvvəl artıq Azərbaycan vətəndaşı 5-6 manata pomidor almaq məcburiyyətində qalmışdı. Həmin prinsip digər sahələrdə də işləyir. Ona görə də hökumət mümkün qədər çalışmalıdır ki, kənd təsərrüfatı məhsullarının xammal şəklində deyil, emalı üzrə istehsalı və ixracı dəstəkləsin. Təbii ki, son məhsul istehsalçısının yaratdığı əlavə dəyər və ölkə iqtisadiyyatına verdiyi mənfəət daha yüksəkdir, nəinki məhsulun xammal şəklində xaricə satılması”. 
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz